Ukrayna Prezidenti Volodimir Zelenski Polşada keçiriləcək və Ukraynanın müharibədən sonrakı bərpasına həsr olunmuş mühüm konfransda iştirak etməyəcək.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna rəsmiləri məlumat veriblər. Qərarın fonunda iki ölkə arasında İkinci Dünya müharibəsi ilə bağlı tarixi məsələlər üzərindən yaranmış diplomatik gərginlik dayanır.
Məlumata görə, Zelenski ötən ay Polşa ictimaiyyətində ciddi narazılıq doğuran addım ataraq, İkinci Dünya müharibəsi dövründə polyaklara qarşı qətliamlarda iştirak etmiş Ukrayna Üsyançı Ordusunun (UPA) adını daşıyan hərbi bölmənin yaradılması ilə bağlı qərar verib.
Buna cavab olaraq Polşanın milliyyətçi baxışları ilə tanınan Prezidenti Karol Navrotski Zelenskini ölkənin ən ali dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. Ardınca bir sıra yüksək vəzifəli Ukrayna rəsmiləri də onlara verilmiş Polşa mükafatlarını geri qaytarıblar.
Yaranmış gərginlik iyulun 24-də Qdansk şəhərində başlayacaq Ukraynanın Bərpası Konfransının işinə kölgə sala bilər. Konfransın əsas məqsədi Ukraynanın müharibədən sonrakı yenidənqurma prosesinin müzakirəsi üçün iş adamlarını, investorları və dövlət rəsmilərini bir araya gətirməkdir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, ölkə nümayəndə heyətinə Baş nazir Yuliya Sviridenko rəhbərlik edəcək. Onun sözlərinə görə, bu qərar tədbirin həddindən artıq siyasiləşdirilməsinin və mümkün qalmaqalların qarşısını almaq məqsədi daşıyır.
“Diplomatik kanallar vasitəsilə Polşa ilə daimi təmasdayıq”, – deyə Tixiy vurğulayıb.
Polşa Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Kiyevin əsas tərəfdaşlarından biri olub. Varşava yüz minlərlə ukraynalı qaçqını qəbul edib, həmçinin Qərbin Ukraynaya hərbi və humanitar dəstəyi üçün mühüm logistika mərkəzinə çevrilib.
Əvvəlki illərdə Roma, Berlin və İsveçrənin Luqano şəhərlərində keçirilmiş Ukraynanın Bərpası Konfransının builki toplantısı Polşanın Ukraynanın yaxın qonşusu və strateji tərəfdaşı kimi rolunu daha da gücləndirməli idi. Bununla belə, iki ölkə arasında yaranan son diplomatik gərginlik bu məqsədin reallaşmasına mənfi təsir göstərə bilər.
Bu arada, Polşanın Baş naziri Donald Tusk münasibətlərdəki gərginliyi azaltmağa çalışaraq tərəfləri təmkinli davranmağa çağırıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB