Avropa İttifaqı Litvaya 6,3 milyard avro ayıracaq

Litva Avropa İttifaqının “SAFE” (Security Action for Europe) hərbi proqramı çərçivəsində Avropa Komissiyasından müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 6,3 milyard avro məbləğində kredit alacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu jurnalistlərə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə üzvü Andryus Kubilyus bildirib.

“6,3 milyard avro məbləğində kreditin ayrılması təkcə Avropa sənayesi üçün deyil, həm də düşmənlərimiz üçün aşkar siqnaldır. Avropa öz gücünə və suverenliyinə ciddi yanaşır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu vəsaitin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Tankların və tırtıllı piyadaların döyüş maşınlarının alınması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin əldə edilməsi üçün milyardlarla avroluq müqavilələr bağlanıb.

Litva “SAFE” proqramının vəsaiti hesabına Ukraynaya hərbi texnika və sursat yardımı göstərməyi də planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə