ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Amerika Prezidenti Donald Tramp Ukraynaya münasibətində korrektlər etməyə başlayıb. Bunun əsas nəticəsi isə artıq Ukraynaya silah satışına qoyulan qadağanın aradan götürülməsidir. Bununla da rəsmi Vaşinqton yenidən Rusiya-Ukrayna müharibəsinin tərəfinə çevrilir.

Ukrayna Prezidenti Volodimir Zelenski artıq Amerika Birləşmiş Ştatlarından və Avropa tərəfdaşlarından yüksəksəviyyəli siyasi siqnallar aldığını açıqlayıb. “Bütün məlumatlara görə, silah tədarükü bərpa olunub”, - deyə Zelenski bəyan edib. Ukraynalı ekspertlər də düşünürlər ki, Trampın qərarı Amerikanın hazırkı administrasiyasının Ukrayna məsələsində siyasi fəlsəfəsini dəyişib.

SİA-nın məlumatına görə, Ukraynalı ekspert İvan Us açıqlamasında bildirib ki, Amerika Prezidenti Donald Trampın Ukraynaya NATO ölkələri vasitəsilə silah satışına icazə verən qərarı indiki hakimiyyətin bu məsələdə siyasətinin fəlsəfəsinin dəyişdiyini göstərir.

“Çünki Tramp administrasiyası öncə tərəfdaş ölkələrə Ukrayna üçün silah satışına qadağa qoymuşdu. Bu qadağa onunla izah edilirdi ki, silah satışı münaqişənin həlli istiqamətində sülhə mane olur. Tramp ümid edirdi ki, silah satışına qadağa qoymaqla, hətta Bayden dövründə razılaşdırılan silahın Ukraynaya göndərilməsinə belə qadağa qoymaqla, Rusiya atəşkəs danışıqlarına gedəcək. Lakin Putin bu atəşkəsdən imtina etdi. Putin müharibənin davam edəcəyini və müharibə yolu ilə istədiyi hədəfə çatacağını bildirdi. Hadisələrin bu gedişatı Trampı məyus etdi, Amerika Prezidenti bu cür nəticəni gözləmirdi. Çünki Tramp Rusiyanın xahişi ilə Ukraynaya silah satışını dayandırdı. Lakin Rusiyanın mövqeyindən sonra Tramp administrasiyası mövqeyini dəyişməyə başladı. Bəyan edildi ki, NATO ölkələri vasitəsilə Ukraynaya silah satılmasında heç bir problem yoxdur”, - deyə İvan Us əlavə edib.

İvan Us hesab edir ki, Trampın bu qərarı Amerikanın müharibə zamanı “oyunda olacağına” dair Rusiyaya ciddi siqnaldır.

“Bununla da Amerika Rusiyaya dəqiq siqnal göndərir ki, onlar oyunu davam etdirəcəklər, Ukraynaya müdafiə imkanlarını artıran silahlar satılacaq. Tramp bununla həm Avropa ölkələrindən pul qazanacaq, həm də Ukraynanı silahla təmin edəcək. Bununla da Tramp dəqiq siqnal verir ki, Amerika müharibədə Ukrayna tərəfində qalır. Bu oyunda Amerika nə dərəcədə möhkəm dayanacaq və ya silah satışlarını nə qədər davam etdirəcək, bunu proseslərin davamı göstərəcək”, - deyə ukraynalı ekspert vurğulayıb.

Trampın məlum bəyanatı ilə Amerikanın Ukraynaya münasibətində dəyişiklik çox qısa müddətdə özünü büruzə verməyə başlayıb. ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktının bir hissəsi olaraq Ukraynaya təhlükəsizlik üçün 500 milyon dollar yardımı təsdiqləyib. Həmçinin, iyulun 14-də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gələcək. Onun səfəri bütün həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə