Şoyqu Qazaxıstana gəlib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya və Qazaxıstan arasında ikitərəfli münasibətlər, təhlükəsizlik məsələləri və Suriyadakı vəziyyəti müzakirə etmək üçün Astanaya gəlib.

SİA-nın məlumatına görə, bu barədə TASS məlumat yayıb. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, işgüzar səfər çərçivəsində Rusiya və Qazaxıstanın təhlükəsizlik şuralarının ofisləri arasında ikitərəfli məsləhətləşmələr, həmçinin Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə görüş nəzərdə tutulub.

İştirakçılar ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışları, təhdidləri, həmçinin Mərkəzi Asiya, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

Şoyqunun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşü gözlənilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə