Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı olub

Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.

Çinin Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 17-də mətbuata açıqlamasında deyilir ki, Çinin vitse-prezidenti Han Cen ABŞ tərəfinin dəvəti əsasında yanvarın 20-də Donald Trampın andiçmə mərasimində iştirak edəcək. Nazirlik rəsmi Pekinin ABŞ ilə münasibətləri və onun inkişafını qarşılıqlı etimad, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında gördüyünü bəyan edib.

"Biz yeni ABŞ hökuməti ilə dialoq və kommunikasiyanı gücləndirmək, fikir ayrılıqlarını düzgün həll etmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, Çin-ABŞ münasibətlərini sabit, sağlam və davamlı saxlamaq, iki ölkənin bir-biri ilə anlaşmasına imkan verən düzgün yol tapmaq üçün işləməyə hazırıq", - deyə Çin XİN-in açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Donald Trampın ilk prezidentliyi dövrü ABŞ-Çin ticarət müharibələri, qarşılıqlı olaraq məhsullara əlavə idxal rüsumların tətbiqi ilə yadda qalıb. Trampın ilk prezidentliyinin sonunda ABŞ-Çin münasibətləri son onilliklərin ən zəif nöqtəsinə düşmüşdü. Donald Tramp administrasiyasının bu dəfə də Çinə qarşı iqtisadi təzyiq alətlərindən istifadə edəcəyinə şübhə edənlər azdır. Çünki artıq Trampın məsələyə dair bəyanatı da olub. O, ABŞ-ın Çinə qarşı onsuz da aqressiv ticarət siyasətini gücləndirmək niyyətində olduğunu bildirib. Tramp hələ seçkiqabağı təşviqat kampaniyası zamanı Çində istehsal olunan bütün mallara 60 faizədək rüsum tətbiq etmək niyyətini açıqlayıb. O, hələ ilk prezidentliyi dövründə iki ölkə arasında ticarət dövriyyəsində Çinin xeyrinə olan böyük müsbət saldoya görə daim narazılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə