...Donald Tramp tərəfindən ABŞ-ın maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən Skott Bessent Putini Ukrayna ilə bağlı danışıqlara məcbur etmək üçün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, Ağ Ev rəhbəri müharibəni dayandırmaq üçün belə tədbirləri zəruri hesab edərsə, bu addımı atmağa hazırdır.
...Mən 100 faiz, xüsusən də Rusiya neft şirkətlərinə qarşı sanksiyaların Rusiya Federasiyasını danışıqlar masasına oturtmağa məcbur edəcək dərəcədə sərtləşdirilməsinin tərəfdarı olardım.
SİA-nın məlumatına görə, Reuters bunu Bessentə istinadən yazıb.
Qeyd edilməlidir ki, o, Bayden administrasiyasının tətbiq etdiyi sanksiyaları kifayət qədər əhatəli adlandırıb.
Onun fikrincə, Ağ Ev seçki kampaniyası zamanı enerji qiymətlərində mümkün sıçrayışdan həddən artıq narahat olub və növbəti administrasiyaya problem yaratmaq üçün bu cür məhdudiyyətləri yalnız səlahiyyət müddətinin sonunda qəbul edib.
Bessent əlavə edib ki, Ukraynadakı müharibə onun həyatının ən böyük faciələrindən biridir və o, təsdiq olunarsa, maliyyə rəhbəri kimi bunda istənilən rolu oynayaraq.
Qeyd edək ki, Skott Bessentin 62 yaşı var. O, Key Square Group hedcinq fondunun təsisçisidir və həmçinin Brown Brothers Harriman investisiya bankında və Soros Fund Management-də işləyib. Tramp noyabrın sonunda onu Maliyyə Departamentinin rəhbəri vəzifəsinə irəli sürərək Bessentin “dünyanın aparıcı beynəlxalq investorlarından biri kimi hörmət edildiyini” qeyd edib.
…Əvvəllər bildirilirdi ki, 2025-ci il yanvarın 10-da ABŞ Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu qərarla ABŞ öz şirkətlərinə Rusiyada neft-mədən xidmətləri göstərməyi qadağan edir.
Qərar fevralın 27-dən qüvvəyə minəcək.
ABŞ Rusiyanın Rosatom şirkətinin rəhbərliyinə də sanksiya tətbiq edib. ABŞ yeni sanksiyalara görə Rusiyanın hər ay milyardlarla dollar itirəcəyini gözləyir.
Reuters-in məlumatına görə, ABŞ-ın yeni sanksiyaları Rusiya neftinin əsas alıcıları olan Hindistan və Çinə ixracını “ciddi şəkildə pozacaq”. Üstəlik, sanksiyaların vaxtı (Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmış-A.B.) ehtimal edir ki, ABŞ-ın növbəti prezidenti bu məhdudiyyətləri saxlayacaq və Rusiya-Ukrayna müharibəsində sülh müqaviləsi danışıqları üçün alət kimi istifadə edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə