Hindistan Banqladeşin sabiq baş nazirinin vizasını uzadıb

Rəsmi Dehli kütləvi etirazlardan sonra istefa verərək Hindistana qaçan Banqladeşin sabiq baş naziri Şeyx Hasinanın vizasının müddətini uzadıb. SİA xəbər verir ki, “The Business Standard” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Eyni zamanda, mənbələr Şeyx Hasinaya Hindistanda sığınacaq verilməsi ilə bağlı fərziyyələri təkzib edərək, ölkədə qaçqınlarla bağlı məsələləri tənzimləyən xüsusi qanunun olmadığını bildiriblər.

Bir müddət öncə Dəkkə Dehliyə nota göndərərək Şeyx Hasinanın ekstradisiyasını tələb edib. Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməkdən yayınıb.

Qeyd edək ki, Banqladeşin Beynəlxalq Cinayət Tribunalı Şeyx Hasinanı məhkəməsiz qətllərdə və müxalifləri qaçırmaqda, həmçinin soyqırımı və insanlığa qarşı cinayətlərdə günahlandırır. Eyni zamanda, ölkənin İmmiqrasiya və Pasport Departamenti qiyabi olaraq iki il həbs cəzasına məhkum olunan sabiq baş nazirin və daha 97 nəfərin pasportunu ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə