Ölkə yenidən qaranlığa qərq oldu

Kubada elektrik enerjisi çatışmazlığı davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Matanzasda yerləşən ölkənin ən böyük elektrik stansiyalarından biri olan "Antonio Guiteras"da yerli vaxtla saat 02:00 radələrində baş verən nasazlıq səbəbindən milyonlarla insan işıqsız qalıb.

Hökumət məktəbləri bağlayarkən, rəsmi işlərdə işləməyənləri elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.

Kubanın energetika naziri Visente de la O'Levi bəyan edib ki, "Antonio Guiteras" Elektrik Stansiyası sıradan çıxanda bəzi digər böyük elektrik stansiyaları da təmirdə olub və şəbəkə elektriksiz qalıb.

"Antonio Guiteras" Elektrik Stansiyasının sabaha qədər tam fəaliyyətə başlamasının gözlənildiyini bildirən O'Levi, xəstəxanalara və su nasos qurğularına elektrik enerjisinin verilməsinə üstünlük verildiyini açıqlayıb: "Bizim çox istedadlı mütəxəssislərimiz var və onların hamısı prosesdə iştirak edir. Biz addım-addım irəliləyirik".

Rəsmilər bildiriblər ki, Türkiyədən gələn üzən elektrik stansiyası paytaxt Havana sahillərində elektrik enerjisi istehsal edir və xəstəxanaları və şəhərin bir hissəsini elektrik enerjisi ilə təmin edir.

Kubanın elektrik şəbəkəsi yanacaq çatışmazlığı, təbii fəlakətlər və iqtisadi böhran səbəbindən demək olar ki, tamamilə dağılıb.

Venesuela, Rusiya və Meksikadan neft idxalının azalması nəticəsində elektrik stansiyaları bu il böhrana düşüb, nəticədə iki ay ərzində ölkə daxilində bir neçə dəfə elektrik enerjisi kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə