"Meta" Rusiya KİV-lərinə qadağa qoyub

“Facebook” və “Instagram”ın sahibi olan “Meta” bildirib ki, “xarici müdaxilə fəaliyyətləri” nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-lərini, o cümlədən “Rossiya Seqodnya” xəbər agentliyi və RT dövlət kanalını öz platformalarından qadağan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, "Meta" Rusiya mətbuatının qadağan edilməsi ilə bağlı alınan qərarla bağlı açıqlama verib.

Məlumatda qeyd olunub: "Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", RT və onların filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə tətbiqlərimiz qlobal şəkildə qadağan edilib".

ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi açıqlamada Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən RT-ni noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə cəhddə ittiham edib və bu çərçivədə sanksiyalar elan edib.

ABŞ-ın dövlət katibi Antoni Blinken sentyabrın 13-də Rusiyanın dövlət kanalı RT-yə bağlı 3 qurum və 2 şəxsə qarşı xarici ölkələrdə “sabitliyi pozan” fəaliyyət göstərdikləri və Moskvaya əhəmiyyətli dəstək verdiyi səbəbi ilə sanksiya tətbiq olunduğunu açıqlayıb. ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə ölkədə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib və Moskva seçkilərə müdaxilə iddialarını rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə