Alimlər virusun insana keçməsindən də ehtiyatlanırlar

Antarktidada quş qripi epidemiyası səbəbindən heyvanlar kütləvi şəkildə ölür

Son həftələr Antarktidada yüzlərlə fil suitisi tələf olub. Səbəb Cənubi Amerikadan köçəri quşların gətirdiyi quş qripi epizootiyasıdır. Alimlər virusun pinqvinlər kimi digər Antarktika heyvanlarına da keçə biləcəyindən və geri dönməz nəticələrə səbəb ola biləcəyindən qorxurlar. Fil suitiləri ilə yanaşı, suitilər, qağayılar və skualarda da ölüm halları artıb ki, bu da xəstəliyin ilk qurbanı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu quşlarda xəstəliyin ilk halları oktyabrın sonunda qeydə alınıb.

Xarici qaynaqlardan verilən məlumata görə, “quş qripi” artıq Antarktidanın səkkiz bölgəsində heyvanların ölüm səbəbi kimi təsdiqlənib. Daha iyirmi bölgədə araşdırmalar aparılır. İndiyədək ölüm hallarının çoxu adalarda qeydə alınıb, lakin zooloqlar infeksiyanın Antarktika qitəsinə yayılacağından qorxurlar. Bu, Yer kürəsinin başqa heç bir yerində tapılmayan nadir növləri təhdid edə bilər.

Xatırladaq ki, alimlər hələ payızın əvvəllərində Antarktidada quş qripi epidemiyasının təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Bu, Cənubi Amerikada 2022-ci ilin oktyabrından bəri davam edən epidemiyanın nəticəsidir. OFFLU beynəlxalq qrip tədqiqat şəbəkəsinin hesabatına görə, o vaxtdan bəri təkcə Çili və Peruda 500 mindən çox müxtəlif növ vəhşi quş və 20 minə yaxın məməli heyvan ölüb.

Qeyd edilir ki, dəniz quşları və məməlilər virusun asanlıqla ötürüldüyü böyük koloniyalarda yaşadığı üçün infeksiyanın yayılmasının qarşısını almaq mümkün deyil.

Bundan əlavə, alimlər virusun insana keçməsindən də ehtiyatlanırlar.

Məsələ bundadır ki, son zamanlar Antarktidaya turizmin həcmi ildən-ilə artır. Nümunə üçün bildirək ki, əgər 2015-2016-cı il mövsümündə qütbü təxminən 38,5 min nəfər ziyarət edibsə, növbəti mövsümdə bura 115 mindən çox turistin gəlməsi ehtimal olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə