Rusiya Kabildə biznes mərkəzi açan yeganə ölkə oldu

Rusiya Kabildə biznes mərkəzi açan yeganə ölkə oldu

Əfqanıstanın paytaxtı Kabildə Rusiya biznes mərkəzi açılıb. Tatarıstanın təşəbbüsü ilə yaradılan mərkəzin təsisçisi Rusiya Müsəlmanlarının Kazan Xeyriyyə Vətənpərvərlik Fondudur.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Əfqanıstanda biznes nümayəndəliyi olan dünyada yeganə ölkə olub.

“Tatar-İnfo” xəbər verir ki, açılış mərasimində Rusiya tərəfdən Rusiyanın Əfqanıstandakı səfirliyinin birinci katibi Aleksey Nikolaev və səfirliyin iqtisadi müşaviri Rinat Boranukov iştirak ediblər.

Beləliklə, bundan sonra Rusiyadan olan iş adamları biznes mərkəzinə gəlib orada yaşaya və danışıqlar apara biləcəklər. Mərkəzin ərazisi gücləndirilmiş mühafizə altındadır. Xeyriyyə Fondunun direktoru Rüstəm Həbibullin zərurət yaranarsa, Kabilin digər rayonlarına və Əfqanıstan əyalətinə də səfərlərin təşkil olunacağını bildirib.

Yeri gəlmişkən, biznes mərkəzinin yerində Tatarıstanın “KER-Holdinq” enerji şirkətinin nümayəndəliyi açılıb. O, Əfqanıstanda kömürlə işləyən elektrik stansiyaları tikmək niyyətindədir.

Xabibullin, Əfqanıstan hökumətinin sement, neft emalı və neft-kimya zavodlarının, əczaçılıq komplekslərinin tikintisinə investisiya cəlb etmək niyyətində olduğunu da bildirib.

Xatırladaq ki, Əfqanıstanın hakimiyyət başında Rusiya hakimiyyəti tərəfindən terrorçu kimi tanınan və Rusiyada qadağan edilmiş “Taliban” islam radikal qruplaşması dayanır.

Onu da xatırladaq ki, “Taliban” 2021-ci ildə hakimiyyətə gəldikdən bəri ölkədə insan haqları kütləvi şəkildə pozulub. Dünyəvi qanunvericilik demək olar ki, tamamilə şəriət qanunları ilə əvəz edilmişdir. Əfqanıstanda dissidentlərin təqib edilməsi və açıq edamlar tətbiq edilir. Qadınlar təhsil və işləmək hüququndan məhrumdurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə