Dnepr çayının sol sahilində yüzlərlə insan itkin düşüb

Xerson vilayətində Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində yerləşən Kaxovka su elektrik stansiyasının dağıdılması nəticəsində su basmış ərazilərdən olan 374 nəfərin taleyi məlum deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Aqentstvo” nəşri könüllülərə istinadən xəbər verir.

Su basmış ən böyük yaşayış məntəqəsi olan Alyoşki şəhərinə giriş könüllülər üçün çətindir. Çünki şəhərin girişində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına və hərbiyönlü könüllülərə verilən vəsiqənin göstərilməli olduğu keçid məntəqəsi var.

Könüllülər hazırda məlumat bazasında evakuasiya üçün 1700-dən çox müraciətin qaldığını bildirirlər. Qeyd edsək ki, hər bir müraciət adətən bir neçə insan tərəfindən edilir.

Bu arada Ukrayna Daxili İşlər Nazirliyinin iyunun 10-na olan məlumatına görə, Kaxovka su elektrik stansiyasında baş vermiş qəza nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur. Xerson vilayətində 50-yə yaxın yaşayış məntəqəsi suyun altında qalıb ki, onların da 30-dan çoxu Kiyevin nəzarətində olan ərazilərdir

Bu günə qədər cəmi iki min yarımdan çox insanın təxliyə edildiyi deyilir.

Nikolayev vilayətində 30-dan çox yaşayış məntəqəsi su altında qalıb. Oradan minə yaxın insan təxliyə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə