Daha çox turist cəlb etmək üçün hansı addımlar atılmalıdır? - TURİZM EKSPERTİ DANIŞDI

“Başa vurduğumuz 2022-ci ildə pandemiyadan əvvəlki dövrə nisbətən Azərbaycan turizm bazarı təxminən 50%-ə yaxın bərpa edilib. Dünyada isə bu göstərici təxminən 60%-ə qədərdir. Azərbaycana 1,6 milyon xarici vətəndaş gəlib. Ümumdünya Turizm Təşkilatları ekspertləri də 2023-cü ilin də bərpa ili olduğunu qeyd edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bu bərpanın təxmini olaraq 80%-dən çox həyata keçəcəyini proqnozlaşdırırlar: “Təbii ki, Azərbaycan da dünya turizm bazarından öz payını almaqdan ötrü müəyyən işlər görür. Azərbaycana daha çox turist cəlb etmək üçün xüsusi infrastrukturlar qurulub. Müəyyən rayonlar var ki, orada turizmlə bağlı kifayət qədər müasir standartlara uyğun infrastruktur qurulub. Həmin regionlara daha çox turistin səyahət etdiyini müşahidə edirik. Qəbələ, Quba, İsmayıllı, Şəki, son zamanlarda cənub zonasına turistlərin daha çox üz tutmasının səbəblərindən biri də həmin bölgələrdə turistlər üçün müasir infrastrukturun mövcud olması ilə əlaqədardır. Eyni zamanda, Qəbələyə sürət qatarının istifadəyə verilməsi daşınmanı daha da asanlaşdırır”.

Turizm eksperti sözlərinə davam edərək bildirib ki, Azərbaycan Hava Yolları da hər il turizm məkanlarından fərqli destinasiyalara uçuşlar həyata keçirir: “Bu coğrafiya genişləndikcə ölkələrarası əlaqələr də genişlənir və bu da turist axınına səbəb olur. Təəssüf ki, hələ də müəyyən səbəblərdən dolayı bizim sərhədlər qapalı qalıb. Sərhədlərin bağlı olması turistlərin gəlməsi üçün müəyyən qədər çətinlik törədir. Çünki Azərbaycana gələn xarici vətəndaşların çoxunun sərhədyanı ölkələrdən gəldiyini müşahidə edirdik.

Ümid edirik ki, bununla əlaqədar uğurlu addımlar atılar. Bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə artıq Covid-19-la bağlı sənədlərin tələbinin aradan qalxması, məhdudiyyətlərin yüngülləşməsi turistlər üçün əlverişli faktordur. Eyni zamanda, Azərbaycanda hava yolları ilə bağlı ciddi islahatlar aparılır. Azərbaycanın yalnız Bakı şəhərində deyil, digər bölgələrdə olan beynəlxalq aeroportlarının da daha səmərəli şəkildə çalışacağını gözləyirik. Ucuz hava daşıyıcılarının Azərbaycan bazarına daxil olması turizmə müsbət təsir göstərə bilər. 2019-cu ildə Azərbaycandan Gürcüstana 1,5 milyon vətəndaşımız səfər edib. Onların bir hissəsi turist olsa da, qalan hissəsi son destinasiya olaraq Gürcüstandan qeyri bir ölkəni seçib. Bunun da əsas səbəbi Gürcüstandan həyata keçirilən uçuşların Azərbaycana nisbətən daha ucuz olmasıdır. Düşünürəm ki, biz də Azərbaycanda ucuz hava daşıyıcıların fəaliyyətinə şərait yarada bilsək, turistlərin daha rahat səfər etməsini təmin edə bilərik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə