Beynəlxalq Elektrotexnika Komitəsinin seminarı keçirilib SƏS TV

Beynəlxalq Elektrotexnika Komitəsi (İEC) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu gün "Elektrotexniki avadanlıqlar və komponentlərin sertifikatlaşdırılması və sınaqların aparılmasında İEC sisteminin rolu" mövzusunda 2 günlük beynəlxalq seminar öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, seminarda çıxış edən komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində sənayenin rolu, ixrac qabiliyyətli məhsulların istehsalında keyfiyyət infrastrukturunun inkişafı, beynəlxalq standartların tətbiqi istiqamətində bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO), 2009-cu ildən Kodeks Alimentarius Komissiyasının, 2011-ci ildən Avropa Standartlaşdırma Komitəsinə, 2012-ci ildən Laboratoriya Akkreditasiya üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (İLAC), 2015-ci ildən Ölçülər və Çəkilər üzrə Baş Konfransa üzvdür. Komitə 2011-ci ildən Beynəlxalq Elektrotexnika Komitəsinin (İEC) "İnkişaf etməkdə olan ölkələr üzrə müxbir Proqramı"nda iştirak edir.

Şöbə müdiri bildirib ki, bu proqramda iştirak etməklə komitə müvafiq İEC standartlarını əldə etmək və təşkilatın tədbirlərində iştirak etmək imkanları qazanıb. Bundan başqa komitə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu vasitəsilə İEC-in uyğunluğun qiymətləndirilməsi üzrə müxbir status proqramında da iştirak edir.

Beynəlxalq Elektrotexnika Komitəsi (İEC) rəsmisi Tomas Robertson çıxışında Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, beynəlxalq müstəvidə Azərbaycan fəal tərəfdaş kimi İEC və digər beynəlxalq standartları tətbiq etməklə ölkənin ixracyönümlü siyasət yürütmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazara çıxmaqda maraqlı olduğunu ortaya qoyur. Tomas Robertson qısa müddətdə 50-dək İEC standartının Azərbaycanda milli standart kimi qəbul edilməsini qeyri-neft sektoruna göstərilən dövlət dəstəyinin təzahürü olduğunu qeyd edib.

Sonra çıxış edən digər qonaq Antonietta Pittelud elektrotexnika sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycanda tətbiq edilən 46 İEC standartı əsasən elektrik kabellərinin keyfiyyəti, elektrik izolyasiya, fasiləsiz elektrik enerjisi təchizatı sistemi, güc transformatorlarına olan tələblər və s-ni əhatə edir. Bu standartları yerli müəssisələrdə tətbiq etməklə məhsulların xarici bazara çıxışı imkanları artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə