Avropa Kosmik Agentliyi ilk dəfə olaraq hərbi layihələrə vəsait ayıracaq

Avropa Kosmik Agentliyi (AKA) tarixində ilk dəfə olaraq büdcəsinin bir hissəsini müdafiə məqsədli layihələrə ayırmağı planlaşdırır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Politico” AKA-nın qəbul etdiyi qətnaməyə istinadla məlumat yayıb.

Qətnamədə bildirilir: “AKA-nın hökumətlərarası mexanizmi müdafiə sahəsində layihələrin həyata keçirilməsi üçün lazım olan səlahiyyət və maliyyəni təmin edir”.

İştirakçı ölkələrin üçillik dövr üçün qəbul etdiyi 22,1 milyard avroluq büdcə agentliyin tarixində rekord göstərici olub. 2024-cü il üçün isə təqribən 17 milyard avroluq maliyyələşdirmə nəzərdə tutulur.

“Politico” yazır ki, xərclər arasında Yerin müşahidəsi proqramına 3,4 milyard avro, “təhlükəsiz rabitə” layihəsinə 2,1 milyard avro, Avropanın öz raket buraxılış sistemlərinin inkişafına isə 900 milyon avro daxildir.

Məlumata görə, AKA büdcəsinə ən böyük töhfələri Almaniya, Fransa və İtaliya verib - onların payı müvafiq olaraq təxminən beş və üç milyard avrodur.

Bundan əvvəl “Euractiv” xəbər vermişdi ki, AKA üzv ölkələrdən hərbi kəşfiyyat peykləri şəbəkəsinin yaradılması üçün təqribən 1 milyard avro ayırmağı xahiş etmək niyyətindədir.

Agentliyin əvvəlki əsas layihələri - GPS-ə alternativ kimi yaradılan “Galileo” peyk naviqasiya sistemi və iqlim dəyişikliyinin monitorinqi üçün nəzərdə tutulmuş “Kopernikus” proqramı tamamilə mülki məqsədlərə xidmət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə