Azercell niyə özəlləşdirilmir? - RƏY BİLDİRİLDİ

Ölkənin ən böyük mobil operatorunun uzun illər səhmdarı Avropanın ən böyük mobil operatorlarından biri olan TeliaSonera şirkəti idi. 2015-ci ildə ABŞ və İsveç prokrorluğu TeliaSonera-nın Özbəkistan mobil bazarına girmək üçün Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya külli miqdarda rüşvət verdiyini üzə çıxardı. Bu korrupsiya qalmaqalından sonra TeliaSonera həmin ildə Avrasiya regionunu tərk edəcəyini açıqladı. Həmin açıqlamadan sonra Azercell 3 il zərərlə fəaliyyət göstərməyə başladı. Türkcell Azercell-in TeliaSonera-da olan 51,3%-lik səhmlərini almaq istəsədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi buna imkan vermədi. Nəhayət 2018-ci ilin mart ayında Azercell-in TeliaSonera-da olan 51,3%-lik səhmlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus AzinTelecom şirkəti 222,5 milyon avroya aldı. Həmin vaxt nazirlik hər kəsi əmin edirdi ki, Azercell mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək. Lakin həmin vaxtdan 7 ildən artıq vaxt keçməsinə baxmayaraq Azercell hələdə özəlləşdirilməyib. Nəyinki özəlləşdirilməyib hətta bu məsələ vaxtaşırı İKT üzrə ekspertlər tərəfindən və mətbuatda gündəmə gətiriləndən sonra Azercell mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün 2023-ci ildən etibarən maliyyə hesabatlarını açıqlamaqdan imtina etdi. Hətta 1996-cı ildən 2023-cü ilədək açıqlamış olduğu bütün maliyyə hesabatlarını rəsmi saytdan sildi. Çünki maliyyə hesabatları açıqlansa şirkətin hər ili mənfəətlə başa vurması gündəmə gələcək və belə olduğu halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verdiyi sözü tutub, Azercell-i özəlləşdirməyə məcbur olacaqdı. Azercell dövlət şirkətinə çevrildikdən sonra xeyli geriləyib. Xidmət səviyyəsi və keyfiyyət kəskin şəkildə aşağı düşüb, qiymətlər sürətlə qalxır. Şirkət ən son 1 dekabr tarixindən SuperSən və Premium tariflərinə yeni qoşulmaları dayandıracağını açıqlamışdı.

Mövzu ilə bağlı İKT üzrə ekspert Fərid Kazımov SİA-ya açıqlamasında bildirdi ki, nəqliyyat və İKT sektorunda özəlləşdirməni həyata keçirmək üçün bir neçə il öncə AZCON Holdinq yaradılmışdır. Onun sözlərinə görə, özəlləşdirməni AZCON Holdinq həyata keçirir:
“Düşünürəm ki, dövlətin telekommunikasiya və nəqliyyat sahəsini bir holdinqin tərkibinə verməsi onu göstərir ki, bu sahədə fəaliyyət göstərən dövlət şirkətləri yaxın illər ərzində özəlləşdirilməyəcək. Təssüflər olsun ki, AZCON Holdinq indiyədək öz tərkibində olan dövlət şirkətlərinin gələcəyinin necə olacağı ilə bağlı açıqlama verməyib” deyə o bildirib.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli SİA-ya açıqlamasında bildirdi ki, Azercell-in niyə görə özəlləşdirilməməsi məsələsini dövlət qurumları açıqlamalıdır. Onun sözlərinə görə, burda iki məqam ola bilər:
“Birinci məqam ondan ibarətdir ki, dövlət şirkəti həqiqətən mənfəətlə işləyir. Yəni dövlət öz şirkətini özəlləşdirmək istəmir. İkinci məqam isə ondan ibarətdir ki, dövlət şirkəti həqiqətən zərərlə fəaliyyət göstərir və dövlət bu halı gizlətmək üçün maliyyə hesabatlarını gizlədir. İstənilən halda bu qanunvericiliyə ziddir. Çünki bütün şirkətlərin, xüsusilə dövlət şirkətlərinin daha şəffaf fəaliyyət göstərməsi vacibdir. Yəni hesabatlı monitorinqlər olmalıdır, eyni zamanda audit hesabatları olmalıdır. Bütün bunlar ictimayyətə açıqlanmalıdır” deyə o bildirib. AZCON Holding-dən SİA-nın sorğusuna cavab olaraq bildirildi ki, holdinqə daxil olan hər hansısa bir şirkətin özəlləşdirilməsi gündəmdə deyil.

Müəllif: İlkin Məmmədkərimov

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə