“Google” Almaniyaya 5,5 milyard avroluq investisiya planını elan edib

ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti Almaniyada 5,5 milyard avro dəyərində investisiya proqramı həyata keçirməyi planlaşdırır. SİA “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, layihə çərçivəsində Hessen əyalətinin Dietzenbax şəhərində yeni məlumat mərkəzi inşa olunacaq. Həmçinin, şirkətin Hanau, Münxen, Frankfurt və Berlin şəhərlərindəki ofisləri genişləndiriləcək.

Almaniyanın vitse-kansleri Lars Klinqbayl bu təşəbbüsü ölkəsinin innovasiya, süni intellekt və iqlimə neytral transformasiyası üçün əsl gələcək sərmayəsi kimi dəyərləndirib.

Şirkət investisiya proqramının 2029-cu ilə qədər hər il təxminən 9 min iş yerinin qorunmasına şərait yaradacağını açıqlayıb. Yeni məlumat mərkəzində yaranan artıq qalan istilik enerji kimi istifadə olunaraq, Offenbax şəhərinin şəbəkəsinə ötürüləcək. Münxendə isə 30 min kvadratmetr sahəyə malik müasir inkişaf mərkəzi yaradılacaq.

Bu addımın Almaniyanın Avropada rəqəmsal infrastruktur üzrə lider mövqeyini daha da möhkəmləndirəcəyi, süni intellekt və “yaşıl texnologiya”lar sahəsində potensialını gücləndirəcəyi bildirilir.

Almaniya Kansleri Fridrix Merts də X platformasındakı səhifəsində paylaşım edərək bildirib: “Biz Almaniyada iqtisadi artımı irəli aparırıq. “Google” 2029-cu ilə qədər ölkəmizə 5,5 milyard avro həcmində sərmayə qoyacaq. Bu, minlərlə iş yeri deməkdir. Ölkəmiz dünyanın ən cəlbedici investisiya məkanlarından biri olaraq qalır. Bunun üçün hər gün çalışırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə