Şabranda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

Şabranda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

Aprelin 15-də Şabran şəhər Mərkəzi stadionunda rayon Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və yarışın zona mərhələsində iştirak edəcək rayon komandasının müəyyənləşdirilməsi olub.

Yarışın açılış mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov və rayon Təhsil Şöbəsinin metodisti Rəşad Məmmədov çıxış etmiş və iştirakçılara uğurlar arzulayıblar. Rayonun 16 ümumtəhsil tam orta məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparıblar.

Yarışın yekununa əsasən nəticələr belə olub:

I yer - Şəhər 3 saylı tam orta məktəbin komandası
II yer - Şəhər 1 saylı tam orta məktəbin komandası
III yer - Çölquşçu kənd tam orta məktəbin komandası

Qalib komanda “Şahin” hərbi-idman oyununun aprel ayının sonunda Sumqayıt şəhərində keçiriləcək zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə