Cənub bölgəmizdə boks məktəbinin yaradıcısı Əlizadə Əsədov- 65

Cənub bölgəmizdə boks məktəbinin yaradıcısı Əlizadə Əsədov- 65

(Portret cizgiləri)

Əlizadə Əsədov: “Mənim bir fikrim, amalım var: “Vətən iman əsəridir. Nə qədər çətin olsa da Vətəni qoyub, yad ellərə getmətrəm”

Müstəqillik qazandığımız 1991-ci ildən Azərbaycan məmləkəti dünyada idman ölkələrindən biri kimi tanınır. Bu, hamımız üçün böyük fəxarətdir. Ölkəmizin bu ada layiq görülməsində ulu öndər Heydər Əliyevin və prezidentimiz İlham Əliyevin xüsusi xidmətlərinin olması isə danılmaz bir faktdır. Yaradılmış bu şəraitdən bəhrələnən çoxsaylı idmançılarımız da böyük uğurlu işlər görüblər. Əgər onların bir idmançı, məşqçi kimi çəkdikləri böyük zəhmət, inadkarlıq, inam olmasaydı onda bu adı qazanmaq da çox çətin olardı.

Belə idmançılardan biri də ölkəmizin Cənub bölgəsində idmanın böks növünün yayılmasında, inkişaf etdirilməsində misilsiz xidmətlər göstərmiş, SSRİ idman ustası, Əməkdar məqçi, Beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədovdur. O, sağlığında adını Azərbaycan idmanının böks növü üzrə tarixə əbədi yazdırmış idman mütəxəssislərimizdən biridir.

Hələ özü böksla məşğul olduğu vaxtlarda dəfələrlə ölkə birinciliyinin, ümumittifaq yarışların qalibi olmuş Əlizadə Əsədov idmanın bu növü üzrə idman ustası olanda artıq tam qət etmişdi ki, Cənub bölgəsində idmanın boks növünü dirçəltmək məhz onun alnına yazılıb və bu, onun alın yazısı olmalıdır. Böyük zəhmətlə, məşəqqətli günlərlə, illərlə keçən zaman, çətin və ağır işlər həqiqətən də onun alın yazısı oldu. Belə ki, öz evinin zirzəmisində, Liman şəhərində ( keçmiş Port İliç qəsəbəsi) yaşayan uşaqlar üçün böks məktəbi yaradan Əlizadə müəllim o arzularla yaşayırdı ki, çətin də olsa idmanın bu növünü Cənub bölgəsində məşhurlaşdıracaq. Həddindən artıq prinsipial, məqsədyönlü insan olan Əlizadə müəllim bu böyük işi təkcə Cənub bölgəsində yox, hətta dünyada məşhurlaşdırdı. Belə ki, həmin "zirzəmidən" çıxan uşaqlar sonralar təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində və dünyada tanındı. Uğur qazandı. Boks üzrə SSRİ və Dünya çempionları oldular…

Artıq ömrürün 65-ci baharını mart ayının 18-də qeyd edən və onun 48 ilini idmanın boks növünə həsr edən Əlizadə Əsədov keçmiş illəri yada saldıqca bəzən təəccüblənir ki, Lənkəran kimi paytaxtdan uzaq bir rayonda bu qədər idmançı yetişdirə bilib. Açığı onun bu mənalı ömrü ilə tanış olduqda, özü ilə etdiyimiz söhbət zamanı təəccübləndik ki, insanda doğrudanmı bu qədər enerji, özünə inam və güc ola bilərmi? İnsan doğrudanmı canı, qanı ilə Vətəninə, millətinə, dövlətinə, milli idmana belə ürəkdən bağlı ola bilərmi?

Qısa arayış: Müəllim ailəsində 1955-ci ilin mart ayının 18-də Lerik rayonunun Züvüç kəndində dünyaya gələn Əlizadə İmran oğlu Əsədov bilmirdi ki, onun da alnına atası kimi müəllimlik yazılıb. Amma atası kimi təhsil sahəsində yox, idman sahəsində. Atası İmran müəllim, əslən Masallı rayonunun Qızılağac kəndində dünyaya gələn, sonralar Liman ( keçmiş Port-İliç) qəsəbəsində yaşayan və Lənkəranda pedaqoji təhsil alan belə bir ziyalı Lerik rayonunun Züvünc adlı ucqar dağ kəndinə təyinatla işləməyə göndərilmişdi. Əlizadə də Züvüç kənddə dünyaya gəlmişdi. Atası İmran müəllim təkcə Züvüç kənd camaatının yox, qonşu kədlərdə yaşayan insanların da sevimlisi idi. Çünki bu məktəbdə qonşu kəndlərdən də çoxlu uşaqlar təhsil alırdılar. İmran müəllim də onların yüksək bilik alması üçün əlindən gələni edirdi. Bu gün respublikamızda onun yetirmələri olan çoxlu ziyalılar var. Onlardan bəziləri hətta respublika səviyyəli yüksək vəzifələrdə də işləyirlər. Onlar müəllimləri İmran Əsədovu heç vaxt yaddan çıxarmırlar. Onun haqqında öz xatirələrini, ürək sözlərini qəzetlərdə, saytlarda yazırlar. Keçmiş illərin xatirə şəkillərini internetdə yerləşdirirlər.

Əfsus ki, Əlizadənin atalı-analı illəri çox uzun sürmədi. Atası İmran Əsədov 15 il bu kənddə müəllim işləyəndən sonra, Əlizadənin 5 yaşı olanda dünyasını dəyişdi. Anası Göyçək xanım 4 qızı və 2 oğlunu da götürüb, Lənkəran rayounun Liman (keçmiş Port-İliç qəsəbəsi) şəhərinə qohumlarının yanına pənah gətirdi. O, gözü ilə od götürə-götürə, böyük əzab-əziyyətlə övladlarını böyütdü. Əlizadə 17 yaşında olanda anası Göyçək xanım da bu dünyaya əlvida dedi. Ana itkisi onun üçün daha ağır oldu… Çünki atasını itirəndə onun cəmi 5 yaşı vardı. 5 yaşlı uşaq da həyatda hələ hər şeyi dərk eləmir. Amma 17 yaşlı Əlizadə artıq həyatın nə olduğunu, ananın ülviliyini, müqəddəsliyini yaxşı başa düşürdü…

Əlizadə birinci sinifə Liman qəsəbəsində getdi. Ailənin vəziyyəti ağır olduğuna görə, Əlizadəni Astara şəhərindəki İnternat məktəbinə qoydular. O, elə uşaq yaşlarından həmyaşıdlarından özünün çevikliyi, təşkilatçılığı ilə seçilirdi. Ona görə də məktəbdə oxuduğu illərdə, həmyaşıdları ilə futbol komandası yaratmışdı. Bu futbol komandası hətta özlərindən böyük olan uşaqlarla futbol oynayanda da onlara qalib gəlirdi. Əlizadə uşaqlıq yoldaşlarının dediyinə görə "od-alov olduğuna" görə, onun şərəfinə həmin futbol komandasına "Alov" adı vermişdilər. Həmyaşıdları da tam inanırdılar ki, Əlizadə gələcəkdə peşəkar futbolçu olacaq. Öz adını bu sahədə tarixə yazdıracaq. O, özü də buna inanırdı. Amma peşə öyrənmək və ailəyə köməklik etmək məqsədi ilə Əlizadə Bakıya gəldi və Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Burada işləyən idman müəllimi Həsən Qarayev onun idman sahəsindəki inamını dəyişdi. Əlizadənin belə çevik və güclü olduğunu görüb, ona futbolla yox, boksla məşğul olmağı məsləhət bildi.

Beləliklə, 16 yaşlı Əlizadə idmanın bu növünə necə alüdə oldusa, boks onun 49 illik yol yoldaşı oldu. Bu yolda özünün böyük zəhməti ilə yüksək pillələrə qalxdı. Bu idman növü onun həyatının mayakı, güzgüsü və tale yazısı oldu. SSRİ İdman Ustası kimi fəxri ad qazandı. Əməkdar məşqçi kimi hamının sevimlisinə çevrildi. Beynəlxalq yarışları yüksək səviyyədə idarə etdi. Həm də Beynəlxalq səviyyəli bu yarışlarda paraddan keçəndə Əlizadə Əsədov qabaqda və bütün Azərbaycan komandası isə onun ardınca getdi. Özünün dediyi kimi ən çətin məqamlarda tez-tez Həsən müəllimin ona dediyi bu nəsihətli sözləri xatırladı: "Əlizadə, oğlum! Boksdan möhkəm yapış. Xoşbəxtliyi zəhmətdə axtar. Əgər xoşbəxtliyi zəhmətdə tapmasan, deməli, heç yerdə tapmayacaqsan". Elə buna görə də müəlliminin, mənəvi atasının ümidlərini doğrultdu Əlizadə Əsədov. 16 yaşında öz yaşıdları arasında respublika çempionu oldu. Sonrakı iki ildə də bu pilləyə yüksəldi. Həmin illəri tez-tez yada salan Əlizadə müəllim, ulu öndər Heydər Əliyevlə bağlı bir görüşü də həmişə xatırlayır və deyir:

- 1972-ci ilin sonları idi. Bizim 7 nömrəli texniki peşə məktəbinə “Komsomolun 50 illiyi” adını vermişdilər. Advermə mərasimində dahi rəhbər Heydər Əliyev də iştirak edirdi. Ulu öndər “Şərəf lövhəsi” olan şəkillərə baxırdı. Mənim də şəklim ora vurulmuşdu. Dahi rəhbər şəkilləri “Şərəf lövhəsi”nə vurulan şagirdlərlə görüşən vaxt mənə yaxınlaşdıqda Həsən müəllim dedi: “Əlizadə həm əlaçı şagirddir və həm də yaxşı boksçudur”. Heydər Əliyev gülümsünərək məndən hansı rayondan olduğumu soruşdu. “Lənkərandanam” dedim. Soruşdu ki, boksu harada öyrənibsən? Dedim ki, “burada, texniki-peşə məktəbində. Lənkəranda boksla məşğul olmağa imkan yoxdur”. Ulu öndər əlini çiynimə qoyub, gülümsündü və dedi: “Lənkəranda da boks məktəbi olacaq. Hökmən olacaq”. Dahi rəhbərin bu sözləri elə bil ki, mənə böyük stimul, inam, qol-qanad verdi. Belə ki, texniki-peşə məktəbi bitirib, ordu sıralanına getdim. Ordudan qayıdandan sonra doğma yurda dönüb, Lənkəranda olan 7 nömrəli ərazi Nəqliyyat kontorunda tokar kimi işə başladım. Mən, mühəndis Fəxrəddin Məmmədovun yaxından maddi və mənəvi dəstəyi ilə burada boks məktəbini yaratdım. Amma texniki imkanlar zəif olduğuna görə, bu məktəbi mən hələ tam tikilib qurtarmamış evimizin zirzəmisinə köçürtdüm”.

Əlizadə Əsədov, iki illik hərbi xidmətini Leninqrad vilayətinin Vıborq şəhərində və Murmansk vilayətinin Severomorsk- 1 şəhərində idman rotasında hərbi xidmət keçməklə, hərbi hissənin idman şərəfini qorumuşdu. Həm də bokusçu kimi çoxlu yarışları qalib kimi tərk etmişdi. Orduda xidmət etdiyi vaxt SSRİ İdman Ustası fəxri adını almışdı. Deməli, idman sahəsində böyük təcrübə toplamışdı. Ordudan tərxis olunandan sonra yenidən Lənkərana qayıtmaqla orduda idman səhəsində qazandığı təcrübəni artıq məqçi kimi evinin zirzəmisində uşaqlara öyrədirdi Əlizadə müəllim. Həmin vaxt bu məktəbdə 80-dən çox yeniyetmələr, cavanlar boksla məşğul olmağa başlamışdı. Hətta qonşu rayonlardan da bura məşq etmək üçün yeniyetmələr, cavanlar gəlirdi…

Ömrünün 65-ci dayanacağında biz, yenidən Əlizadə İmran oğlu Əsədovla həmin günlərə qayıdırıq:

- Keçmiş illəri kino lenti kimi gözlərimin qarşısından keçirəndə, bütün elədiklərimiz mənə yuxu kimi gəlir. Təsəvvür edin ki, ətrafımda olan bütün yeniyetmələr, gənclər sanki boksla nəfəs alırdılar. Mən tokar kimi qazandığım pulla rayonda boksun inkişafına çalışırdım. Boksun sirrlərini bu cavanlara, yeniyetmələr öyrədirdim. Beləliklə, evimin zirzəmisində yaratdığım boks məktəbi burada 5 il fəaliyyət göstərdi. Uğurlarımızın sayı-hesabı yox idi. Nəinki Umumittifaq yarışlarında, eləcə də qonşu respublikalarda keçirilən Beynəlxalq yarışlardan dəfələrlə qalib kimi qayıtmışdıq. Həmin illərlə bağlı sizə bir maraqlı hadisəni danışım. Barselona Olimpiya oyunları ərəfəsində mən SSRİ yığma komandasının məşqçisi kimi Gürcüstanın Eşera Olimpiya bazasında təlim məşq toplantısında idmançılarımızı Olimpiya oyunlarından əvvəl SSRİ birinciliyi yarışlarına hazırlayırdım. Həmin vaxtı Barselonadan gələn komanda da Olimpiyada oyunlarına qədər orada məşqlər edirdi. Onlar mənim məşq prosesimi görüb, məni və yetirməm Zahid Mehdiyevi Barselonaya işləməyə dəvət etdilər. Özü də hər cürə şərait yaratmağa söz verdilər. Amma mən razılaşmadım. Çünki Vətəni qoyub getməyi heç ağlıma belə sığışdırmırdım. Hətta həmin vaxtı məni Moskva şəhərindəki Lesqaft adına Moskva Dövlət Universitetinə (indiki Akademiyaya) kafedra müdiri kimi işləməyə də dəvət etdilər, amma yenə də mən getmədim. Çünki mənim bir fikrim, amalım var: “Vətən iman əsəridir. Nə qədər çətin olsa da Vətəni qoyub, yad ellərə getmətrəm”. Atalar da deyir ki, “qərib quşun Vətəni olmaz”.

Keçmiş illəri yada salanda sevinirəm ki, Lənkəranda keçirilən bütün "Məhsul" teatrlaşdırılmış bayram şənliklərinin də idman oyunlarını mən hazırlayırdım. Bu idman teatrlaşdırılmış səhnələrinə tamaşaçılar çox böyük maraqla baxırdılar. Həmin vaxtlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə hər il Lənkəranda çox yüksək səviyyədə bütün SSRİ Respublikalarından gəlməklə Ümumittifaq səviyyəli turnirlər də keçirirdim. Bu uğurlarımızı görən, həmin vaxt Lənkəran rayonunun birinci katibi olan dəyərli ziyalı, bacarıqlı insanlara böyük önəm verən, Sosialit Əməyi Qəhrəmanı mərhum İsa Məmmədov bizim üçün qısa vaxta idman zalı quraşdırmağa qərar verdi. Amma o, Lənkərandan Azərbaycan Mərkəzi Komitəsinin katibi vəzifəsinə dəyişdiriləndən sonra həmin bina yarımçıq qaldı. Mən də bu fürsətdən istifadə edib, ali idman təhsili aldım. Amma həmin idman kompleksinin tamamlanması üçün də əzmkarlıqla çalışdım. Geri çəkilmədim. Onlarla vəzifəli adamların qapılarını döydüm. Hətta bir neçə dəfə televizorda çıxış edib, öz ürək sözlərimi də dedim. Lənkəranda İsa Məmmədovdan sonra boksa ögey münasibət haqqında kəskin danışdım. Bundan sonra boksa diqqəti artırdılar. Cənab Zeynal Nağdəliyev Lənkəran rayonuna rəhbərlik edəndə mən Lənkəran Dövlət Universitetində müəllim işlədiyimə görə orada “LDU” adlı idman klubu yaratmışdım. Həmin vaxtı şəhərdə maraqlı tədbirlər keçirirdim. Bu tədbirləri görən Zeynal Nağdəliyev təklif etdi ki, bu yarışları rayonun bütün məktəbliləri ilə birlikdə keçirim. Biz, elə də etdik və bu tədbirlər rayonda daha böyük maraqla qarşılandı.

Axır ki, biz arzumuza çatdıq. İndi Liman şəhərində çox yaraşıqlı idman komplesi olan, təvazökarlıqdan uzaq olsa da mənim böyük zəhmətimlə ərsəyə gələn “Cənub Regional Boks Mərkəzi” fəaliyyət göstərir. Amma onu da vurğulamaq istəymirəm ki, bu “Cənub Regional Boks Mərkəzi”ni mən yaratsam da, onun tikilməsində böyük əməyim olsa da və bu bina mənim rəhbərlik etdiyim Lənkəran “Neftçi” İdman Klubunun balansında olsa da həmin binanın daxili qapılarının açarı məndə deyil. Ona görə də mən və yetirmələrim həmin idman zalından lazım olan kimi istifadə edə bilmirik. Orada Respublika, dünya səviyyəli tədbirlər və yarışlar keçirə bilmirik. Çünki bizi kimlərinsə icazəsi ilə zala buraxırlar. Hətta məcbur olub, qapını açan gözətçini küçədə dayanıb gözləyirik. Yəqin ki, siz buna inanmayacaqsınız. Amma acı olsa da bu, bir həqiqətdir… Adamın özünü kirayənişin olan adamlar, öz evinə buraxmırlar. Buna nə ad vermək olar?

Ən dəhşətlisi və acınacaqlısı budur ki, əyalətdə yaşadığımıza və fəaliyyət göstərdiyimizə görə Respublika Boks Federasiyasının da yadına düşmürük. Fəxri adlar, mükafatlar veriləndə də onlar bizi yada salmırlar. Axı onlar bizə niyə belə ögey münasibət göstərirlər? Axı, bizim günahımız nədir?..

Onu da vurğulayım ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı Taleh Qaraşovla Liman şəhərində keçirilən görüşdə o, söz verdi ki, “binanın bütün açarları Əlizadə müəllimə verilsin”. Amma onun göstərişinə aidiyyəti olan adamlar əməl eləmədilər. Hətta cənab Taleh Qaraşov öz çıxışında onu da qeyd elədi ki, “mən bimirəm regional boks mərkəzində nələr baş verir”. Hətta biləndə ki, bu Regional Boks Mərkəzinin binası mənim rəhbərlik etdiyim Lənkəran “Neftçi” İdman Klubunun balansındadır, tələb etdi ki, açarları mənə versinlər. Amma onlar yalnız giriş qapısının açarını mənə verdilər. Otaqların və işıqların yandırılıb söndürülmə otağının açarını vermədilər. Bu açarlar hələ də ora aidiyyatı olmayan adamda olduğuna görə orada tez-tez oğurluqlar olur. Bu da nə qədər çox davam eləsə bu işin ziyanına olacaq. Binaya və onun həyətinə böyük zərər dəyir. Mən də öz səlahiyyətlərimi yerinə yetirə bilmirəm. Bu da mənə bir idmançı, bir məşqçi, bir rəhbər kimi çox pis təsir edir.

Amma bir şeylə fəxr edirəm ki, bu uzun illərdə mənim yetirmələrimdən çoxu idmanda böyük uğurlara imza atıblar. Təvazökarlıqdan uzaq olsa da, 2 Əməkdar idman ustası, 3 Əməkdar məşqçi, 3 Beynəlxalq dərəcəli hakim, 3 Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 7 milli və respublika dərəcəli hakim, onlarla idman ustası və 100-dən çox ustalığa namizəd yetirmişəm. Bəhruz Hüseynov, Fərid Əsgərov və Rauf Ağayev kimi dünya çempionları mənim yaratdığım məktəbdə yetişiblər. Mənim yetirməm İlkin Ağyev Azərbaycan birinciliklərinin və çempionatlarının 5 qat qalibi olub. Avropa birinciliyinin iki dəfə gümüş mükafatına layiq görülüb. Bir dəfə isə dünya çempionatında ikinci dərəcli mükafat alıb. Sonra isə İlkin Ağayev 2007-ci ildə Bakı şəhərində keçirilən dünya çemionatı yarışlarında kubalı Estrado Lazarona ikinci raunda tam üstünlüklə qalib gələlərək dünya çempionu oldu. Sonrakı illərdə isə həmin Estrado Lazaro iki qat dünya çempionu adına layiq görüldü. Olimpiya çempionatında üçüncü yeri tutdu. Amma ən dəhşətlisi budur ki, dünya çempionu olan və dünya səviyyəli yarşıların ən yaxşı boksçusu adına layiq görülən İlkin Ağayev isə həmin yarışdan sonra yaddan çıxdı. Bəzi xəbiz adamların günahı ucbatından unuduldu. Olimpiya oyunlarına isə onun yerinə başqasını apardılar. Amma nəticədə həmin boksçu elə birinci görüşdə uduzaraq Olimpiya yarışlarını erkən başa vurdu. Eləcə də İlkin Ağayevi yetişdirən mən, müəllim-məşqçi Əlizadə Əsədov da yetirməm kimi yüksək səviyyəli yarışlara gedə bilmirəm. Bilmirəm hansı səbəbdənsə məni daha Respublika və Beynəlxalq yarışlardakı hakimliyə dəvət etmirlər. Məşqçi kimi də yarışlarda iştirak etmirəm… Bu gün unudulmağımın səbəbini hələ də bilmirəm. Səbəb nədir? Kimdir günahkar? Məgər mənim günahım Azərbaycan üçün belə dünya səviyyəli idmançılar yetişdirməkdirmi? Doğrudanmı Azərbaycanda boks üzrə mənim kimi təcrübəli, bacarıqlı məşqçilər o qədər çoxdur ki, artıq mən yada düşmürəm? Bax bu suallarımın cavabını hələ ki, heç kim vermir... Hamı susur...

Öz evimin zirzəmisində yetişdirdiyim Zahid Mehdiyev 1987-ci ildə Yevpatoriya şəhərində keçirilən SSRİ Həmkarlar İttifaqları birinciliyində çempion oldu. 1988-ci ildə Rusiyanın Rastov- na Donu şəhərində keçirilən SSRİ birinciliyində də Zahid çempion kimi ən yüksək pilləyə yüksəldi. Bu iki qələbə də həmin vaxtlar böyük qələbələr sayılırdı. Fikirləşirdik ki, Zahid Mehdiyevə Azərbaycanda daha böyük şərait yaradılacaq və o, dünya idman pillərində ən yüksəkdə dayanmaqla respublikamıza daha böyük uğurlar gətircək. Amma elə olmadı… Ona Azərbaycanda böyük biganəlik olduğuna görən Zahid Mehdiyev Belarusiya Respublikasına köçdü. 2008-ci ildə isə Belarusiyanı yarışlarda təmsil etməklə Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində dünya çempionatında üçüncü yerə layiq görüldü. Beləliklə, bu xidmətinə görə, ona Belarusya Respublikasının Əməkdar idman ustası fəxri adı verildi. Ali təhsilini də Minsk şəhərində aldı. Sonra isə oradan Almaniyaya köçdü. İndi onun özünün Almaniyada çoxlu yetirmələri var ki, dünya yarışlarında öz sözlərini deyirər. Zahid Mehdiyev Almaniyanın fəxri vətəndaşıdır. Həmin ölkənin boks üzrə yığma komandasının A kateqoriyalı məşqçi-müəllimidir. Əgər Zahid Mehdiyev Azərbaycanda qalsaydı dünya səviyyəli çoxlu boksçular yetişdirərdi. Onu da böyük ürək ağrısı ilə bildirmək istəyirəm ki, mənim yetirmələrimə qarşı olan bu biganəlik Azərbaycan idmanının boks növünə də böyük zərbə vurub. İnanıram ki, zaman gələcək bütün bunlar araşdırılacaq və günahkarlar qınaq obyektinə çevriləcəklər...

- Sizə boks sahəsində müəllimlik etmiş insanlar yadınıza düşürmü? Ömrünüzün bu 65 ilində onları necə xatırlayırsız?

- Əlbəttə, tez-tez yadıma düşürlər. Fürsətdən istifadə edərək deyim ki, mənə boks sahəsində uğurlar qazanmaqda böyük xidməti olan, məminlə hərbi xidmətdə bir yerdə olmuş və həmin vaxtdan da boks sahəsində mənə çox şeyi öyrədən müəllimim, Aviasiya Akademiyasının müəllimi, SSRİ İdman Ustası, Respublikanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Sədərək İdman Klubunun direktoru Aydın Məmmədovu heç vaxt unuda bilmərəm. O, ən çətin vaxtlarımda mənə böyük ürək-dirək verib. Mənim tərbiyəçim olmaqla, ən çətin məqamda arxamda dayanıb, məni şər qüvvələrdən qoruyub. Ümumiyyətlə, mənim uğurlarımda Aydın müəllimin əvəzsiz xidmətləri olub. Allah onun canını sağ eləsin.

Portret yazımın bu sətirlərində onu da vurğulamağı özümə borc bilirəm ki, Əlizadə Əsədov öz işini boksla bitmiş hesab etməyib. Lərkəranda "Neftçi" İdman Klubunun və "Spartak" İdman Cəmiyyətinin yaranması da məhz onun adı ilə bağlıdır. Məhz onun sayəsində də hər iki təşkilat uzun illərdir Lənrəkan rayonunda böyük uğurlu işlərə imza atır. Əlizadə müəllimin üç oğlu və üç nəvəsi də onun yolunu davam etdirirlər. Oğlanları müxtəlif sahələrdə ali təhsil alsalar da artıq idman sahəsində də öz sözlərini deyirlər. İnanırıq ki, nəvələri də babalarının başladığı böyük, müqəddəs yolu uğurla davam etdirəcəklər.

İdmanda 49 illik fəaliyyəti Əlizadə Əsədova böyük ad-san gətirməklə, onu Cənub bölgəsində idmanın ağsaqqalı kimi tanıdıb. Baxmayaraq ki, o, SSRİ İdman Ustasıdır, Əməkdar məqçidir, Beynəlxalq dərəcəli hakimdir, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisidir, amma hamı onu Cənub bölgəsində bu adla tanıyır: "Boksun atası".

Əlizadə Əsədov həm də lap cavanlıq illərindən jurnalistika ilə məşğul olur.

Onun çoxlu məqalələri, oçerkləri, publisist yazıları təkcə Lənkəran rayon qəzetlərində yox, respublika qəzetlərində və saytlarında çap olunur. Məhz buna görə də Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə Əlizadə İmran oğlu Əsədova 65 yaşı ərəfəsində “Xalqın nüfuzlu ziyalısı” fəxri mükafatı verilib. Bu da jurnalistika sahəsində çox böyük mükafat sayılır. O, həm də “Qızıl qələm” media mükafatı laureatıdır.

Əziz Əlizadə müəllim! Biz də həyatda sizə can sağlığı və Cənub bölgəsinin idmanını bundan sonra da dünya səviyyəsində tanıtmağı arzu edirik.

Deməli, dünya səviyyəli idmançılar yetişdirmək və bu idmançıları da dünyada tanıtmaq özü böyük fəxarət, hünərdir. Bu hünərə imza atanlardan biri də məhz siz Əlizadə Əsədovsuz. Bu gün ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azərbaycanda idmanın inkişafına əllərindən gələn köməklikləri edirlər. İnanırıq ki, bəzi qara qüvvələr də daşı ətəklərindən töküb, Cənub bölgəsində boksu daha da inkişaf etdirmək üçün belə təcrübəli mütəxəssisə bundan sonra lazım olan bütün şəraiti yaradacaqlar. Əlizadə Əsədov da əvvəlki cavanlıq həvəsi ilə dünya səviyyəli idmançılar yetişdirəcək. Axı belə bir bacarıqlı insanın təcrübəsindən məhz indi lazım olan kimi istifadə etmək lazımdır.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadim

Bütün xəbərlər Facebook səhifəmizdə