“İntellektual Kubok”un qalibi müəyyənləşib

Bakıda futbol üzrə “Avro-2020”yə həsr olunmuş “İntellektual Kubok” təşkil olunub. SİA-nın məlumatına görə, turnirdə iştirak üçün müraciət etmiş 158 komandadan ilk 40-ı yarışda öz biliyini göstərmək şansı qazanıb.

Tədbiri “Avro-2020”nin Bakı üzrə Yerli Əməliyyat qrupunun layihə koordinatoru Kamran Vəliyev açıq elan edib.

Oyun hər birində 12 sual olan 5 turdan, ümumilikdə isə 60 sualdan ibarət olub. Turnirə qatılan iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışıblar. Avropa çempionatı ilə bağlı mövzunun açılış sualını isə veteran futbolçumuz, “Avro-2020”nin ev sahibi şəhərlərindən olan Bakının səfiri Vəli Qasımov səsləndirib.

İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fateh olub.

“Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında təşkil olunan tədbir gərgin mübarizə şəraitində keçib. Turnirin çempionu - “Vendetta” komandasına 1200, ikinci yerin sahibi “Lister”ə 900, üçüncü yerdə qərarlaşan “Diplomat” komandasına isə 600 manat pul mükafatı təqdim olunub. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək “Avro-2020” oyunlarından birinə biletlər hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...