"Ötən gün Azərbaycan Prezidenti ilin idman yekunlarına qiymət verdi” ŞƏRH-ÖZƏL

"Ötən gün Azərbaycan Prezidenti ilin idman yekunlarına qiymət verdi” ŞƏRH-ÖZƏL

“Bildiyimiz kimi ötən gün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ənənəvi olaraq idmançılar, idman ictimaiyyəti, hakim və məşqçilərlə görüş keçirdi, 2019-cu ilin yekunlarına dair müxtəlif təklf, tövsiyyə və fikirlərini səsləndirdi. Bir sözlə ifadə etsək, ilin idman yekunlarına qiymət verildi”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti Beynəlxalq Olimpiya, Avropa Olimiya Komitəsinin rəyinə əsasən ölkəmizdə keçirilən bütün yarışlara yüksək qiymətin verildiyini vurğuladı: “Ölkə başçısı kütləviliyin təmin olunması, idmanla məşğul olmaq istəyənlərin sayının artırılması ilə bağlı göstəriş verdi. Dövlət başçısı söylədi ki, bu il idmançılar tərəfindən 775 medal qazanılıb, onlardan 271-i qızıldır. Prezident Teymur Rəcəbovun xüsusi olaraq Dünya Kubokunun qalib olması və şahmatçı qızlarımızın Avropa Çempionatında bürünc medal qazanması, yeniyetmə şahmatçılarımızın Dünya Şahmat Olimpiadasının qalibi olmasına önəm verərək, idmanın intellektual səviyyəsində Azərbaycan idmançılarının yerini vurğuladı”.

Ölkə başçısının “İdman vətənpərvərlik hisslərinin artırılması, milli ruhun yüksəldilməsi üçün vacibdir” fikirlərinin xatırladan idarə rəisi qeyd edib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi artıqdünya Azərbaycanı idman ölkəsi kimi tanıyır: “2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan olimpiaçılarının yüksək nəticə əldə etməsi və medal sayına görə 14-cü yer tutması tarixi idman nəticəmizdir. Ötən gün ilin idman yekunları ilə bağlı keçirilən tədbirdə eyni zamanda vurğulandı ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti idman sahəsində bütün şəraitin yaradılması, maddi-texniki bazanın gücləndirilməsindən ibarətdir”.

R. Abbasov qeyd edib ki, artıq 45 olimpiya məktəbi ölkə vətəndaşlarının xidmətindədir: “Prezident İlham Əliyevin söylədiyi kimi, Yardımlı və Tərtərdə 2 olimpiya mərkəzi hazırdır açılışı gözlənilir. 2 olimpiya mərkəzinin tikintisi isə Neftçala və Goranboyda davam edir. Cənab prezident görüşdə xüsusi olaraq tövsiyə etdi ki, hər bir Azərbaycan vətəndaşı sağlam həyat tərzi sürməli, idmanla müntəzəm məşğul olmalıdır. Bu bizim genefondumuz, sağlam nəslin yetişməsi üçün çox vacibdir. Ölkə başçısı öz timsalında misal gətirərək gündəlik idmanla məşğul olduğunu bildirməklə vətəndaşlarımıza mesaj vermiş oldu. Tanınmış idmançılara, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və digərlərinə maarrifləndirmə işlərinin gücləndirilməsi tövsiyə edildi. Eyni zamanda vurğulandı ki, paytaxtda ictimai istirahət zonalarının, abad məhəllələrin quraşıdırılması çox vacibdir və burada keçirilən yarışlar daha da artırılmalıdır”.

Qurum rəsmisi vurğulayıb ki, ilin yekunları ilə bağlı keçirilən tədbirdə həmçinin “Mənim Həyatım” layihəsi çərçivəsində keçirilən şahmat, mini futbol və digər idman yarışları ilə bağlı ölkənin aiddiyyatı idman strukturları tərəfindən yeni proqramların hazırlanması tövsiyə edildi: “Belə ki, bunlardan biri Azərbaycanda kütləviliyin təmin olunması, ikinci proqram isə kənd idmanının inkişafı və asudə vaxtın səmərəli təşkili ilə bağlıdır ki, bu da xüsusilə də bölgələrdə, rayonlarda ucqar kəndlərdə idman yarışlarının sayının artırılmasına, orada yarışların daha çox olmasına imkan yaradacaq. Prezident İlham Əliyev nitqində ölkəmizdə keçirilən Milli Gimnastika üzrə Avropa, Dünya çempoionatı, Dünya Kuboku mərhələlərini, Formula 1, eyni zamanda yeniyetmələrin Yay Olimpiya Festivalının təşkilatçılığı, ölkəmizin hava limanının, logistika mərkəzin, nəqliyyat infrastrukturunun nizam-intizam qaydasını, xüsusilə də könüllülərin işini yüksək qiymətləndirdi, hər bir idman yarışından sonra Azərbaycana daha çox turistin gəldiyini, iqtisadi gəlirlərin artdığını xüsusi vurğuladı. Qeyd edildi ki, 2019-cu ildə ölkəmizə 3 milyona yaxın turist gəlib. Həmçinin Formula 1 yarışmasının ildən-ilə ölkəmizin təbliğatı, turistlərin artımında böyük rol oynadığı və bunun multiplikativ effektinin çox böyük olduğu, bu tendensiyanın gələcəkdə davam etdirilməsi bildirildi”.

Dövlət başçısının yekun nitqində növbəti ildə ölkəmizdə keçirilməsi nəzərədə tutulan idman yarışları, xüsusilə də Avropa çempionatının 4 oyunu və Formula 1 yarışlarının keçirilməsi ilə bağlı tapşırıqlarını verdiyini deyən idarə rəisi əlavə edib ki, Prezident Tokio-2020 Yay Olimpiya Oyunlarında idmançılarımıza uğurlar arzulayaraq, Azərbaycan bayrağının sözügedən yarışlarda ucaldılması, daha yaxşı nəticələrin əldə edilməsi üçün müvafiq qurumlara tapşırıqlarını verdi: “Dövlət başçısı ənənəvi olaraq sonda bir sıra idmançılara mənzillər, medal, orden, müxtəlif təltiflərlə mükafatlandırdı, idman ictimaiyyətinin qarşıdan gələn bayramlarını təbrik edərək, onlara yeni-yeni uğurlar arzu etdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə