Nazir: “Ali idman qurumları ən mötəbər tədbirlərin Azərbaycanda keçirilməsində maraqlıdırlar” - EKSKLÜZİV

Nazir: “Ali idman qurumları ən mötəbər tədbirlərin Azərbaycanda keçirilməsində maraqlıdırlar” - EKSKLÜZİV

Azərbaycanın dünyada yüksək mövqeyə çatmasına gətirib çıxaran ən mühüm amillərdən biri də məhz idmandır. Ölkəmizdə idmanın sürətli inkişafı Azərbaycanın dünya ölkələri arasında tanınmasına, yüksək imicə sahib olmasına, söz sahibinə çevrilməsinə böyük töhfə verib.

Məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Azərbaycanda idmanın inkişafı istiqamətində əvəzolunmaz işlərə imza atıb.

Cənab Prezident İlham Əliyev isə Ulu Öndərin əsasını qoyduğu idman siyasətini çox uğurla davam etdirir və bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.

“İdmanın dövlət siyasətinin bir hissəsi olması bu sahənin Azərbaycanda yüksək səviyyədə inkişafına gətirib çıxarıb”

Əməkdaşımız ölkəmizdə idmanın inkişafı, Azərbaycanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilməsi ilə bağlı gənclər və idman naziri Azad Rəhimovla həmsöhbət olub. Nazir SİA-ya eksklüziv açıqlamasında Azərbaycanda həyata keçirilən idman siyasəti, bu sahənin inkişafı, dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, ölkəmizdə idmana məhz dövlət tərəfindən xüsusi diqqət ayrılması, idmanın dövlət siyasətinin bir hissəsi olması bu sahənin Azərbaycanda yüksək səviyyədə inkişafına gətirib çıxarıb: “Azərbaycanda dövlətin birbaşa dəstəyi ilə idman infrastrukturunun inşa olunması, idmanın inkişafı istiqamətində Dövlət Proqramlarının təsdiq edilməsi, idmançıların təlim-məşq toplanışlarına göndərilməsi, qabaqcıl ölkələrin təcrübələrindən istifadə etmək, idmançıların sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər və bu kimi digər işlər sözügedən sahədəki uğurların əldə olunmasına zəmin yaradan birinci amillərdəndir. Ölkə rəhbərliyi idmançıları, idman nəticələrini birbaşa diqqətdə saxlayır və hər dəfə uğurlu nəticələr əldə etmiş idmançılarımızla şəxsən görüşür. Bu isə onlara yüksək nəticələr qazanmağa böyük stimul olur. İdmançıların sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlara dövlət tərəfindən mənzillər və digər mükafatlar verilir. Cənab Prezidentin idman ictimaiyyətinin fəaliyyəti ilə yaxından maraqlanması idmanın inkişafının ölkəmiz və dövlətimiz üçün nə qədər önəmli olduğunun göstəricisidir”.

“Azərbaycandakı ictimai-siyasi sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və idmana dövlətin birbaşa dəstəyi bütün dünyanın arzuladığı meyarlardır”

Azərbaycanda bu gün dünyanın ən mötəbər idman tədbirlərinin keçirildiyini qeyd edən nazir, ölkəmizin belə böyük yarışları yüksək səviyyədə təşkil etmək üçün böyük təcrübəsinin olduğunu bildirib: “Dünyanın nüfuzlu beynəlxalq idman təşkilatlarının ən böyük yarışların keçirilməsini Azərbaycana həvalə etməsi ölkəmizə olan böyük inamdan irəli gəlir. Azərbaycandakı ictimai-siyasi sabitlik, təhlükəsizlik, peşəkar təşkilatçılıq və idmana dövlətin birbaşa dəstəyi bütün dünyanın arzuladığı meyarlardır. Məhz bu səbəblərdən bütün ali idman qurumları ən mötəbər yarışların, tədbirlərin Azərbaycanda keçirilməsində maraqlıdırlar. Ölkəmiz isə öz növbəsində bu idman tədbirlərini elə bir standartlarda təşkil edir ki, bütün dünya Azərbaycana yalnız həsəd aparır. Ölkəmizdə futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatı, “Bakı-2015” I Avropa Oyunları, “Bakı-2016” Ümumdünya Şahmat Olimpiadası, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, artıq 3-cü dəfə keçirməyə hazırlaşdığımız Formula 1 üzrə Azərbaycan Qran Prisi, gimnastika üzrə dünya və Avropa Kubokları, digər idman növləri üzrə onlarla dünya və Avropa çempionatları, beynəlxalq konfranslar, iclaslar, forumlar o qədər yüksək səviyyədə keçirilib ki, Azərbaycan dünyada artıq idmanın mərkəzi kimi tanınır”.

“Ötən il dünya, Avropa çempionat, birinciliklərində və kubok yarışlarında ümumilikdə 851 medal qazanılıb”

Nazir vurğulayıb ki, təkcə 2017-ci ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 219 respublika yarışları təşkil edilib, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunub: “Ötən il dünya, Avropa çempionat, birinciliklərində və kubok yarışlarında 347 qızıl, 236 gümüş və 268 bürünc olmaqla, ümumilikdə 851 medal qazanılıb. 2017-ci ilin avqust ayında Almaniyanın Hamburq şəhərində keçirilmiş kişi boksçuların dünya çempionatında Məmmədrəsul Məcidov və Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Hacı Əliyev 3-cü dəfə dünya çempionu adını qazanıb”.

2018-ci ildə ölkəmizdə təşkil ediləcək idman tədbirləri

Azərbaycanda hər il bir neçə mötəbər idman tədbirlərinin keçirildiyini deyən A.Rəhimov 2018-ci ildə ölkəmizdə təşkil ediləcək idman tədbirləri haqqında məlumat verib: “2018-ci ildə ölkəmizdə İntellektual oyunlar üzrə VII “Xəzər kuboku” turniri, Prezident Kuboku uğrunda “Breyn Rinq” İntellektual TV layihəsi, tennis üzrə Avropa turniri, idman gimnastikası üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Kuboku, Türk Universitetlər İttifaqının II Idman Oyunları, batut, tamblinq və ikili mini batut gimnastikası üzrə Avropa çempionatı, Gənclər və idman sahələrinə məsul nazirlərin IV İslam Konfransı, Formula 1 Azərbaycan Qran Prisi, “Shamkir Chess - 2018” beynəlxalq super turniri, kapoeyra üzrə dünya çempionatı, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, cüdo üzrə dünya çempionatı, Xüsusi Olimpiya Gənclərin Qlobal Liderlik Forumu, Dünya Anti-Dopinq Agentliyinin İcraiyyə Komitəsi və Fondun İdarə Heyətinin iclası və digər idman tədbirləri keçiriləcək”.

“Futbolun inkişafı idman sahəsində prioritet istiqamətlərdəndir”

O, ölkəmizdə futbolun inkişafının da idman sahəsində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. A.Rəhimov futbol üzrə milli komadamızın son dövrlər göstərdiyi nəticələr, “Qarabağ” futbol klubunun Çempionlar Liqasında yüksək uğur qazanmasını xüsusi qeyd edib. Nazir 2019-cu ildə UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinin böyük nailiyyət olduğunu diqqətə çatdırıb.

A.Rəhimov Azərbaycanda paralimpiya növləri üzrə də idmançılarımızın beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsil etdiklərini bildirib.

Sonda nazir bütün sahələrdə olduğu kimi, Azərbaycanın idman sahəsindəki inkişafının, ölkəmizin qüdrətinin daha da yüksələcəyinə əminliyini vurğulayıb.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə