Dünya Kuboku Bakıda - FOTOLAR - SƏS TV

Dünya Kuboku Bakıda - FOTOLAR - SƏS TV

Bu gün futbol üzrə Dünya Kuboku "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycana gətirilib. SİA-nın məlumatına görə, Bakıya xüsusi təyyarə ilə gətirilən Kuboku futbol üzrə Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olmuş Kristian Karambö müşayiət edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Kuboku AFFA-nın baş katibi Elxan Məmmədov, digər rəsmilər, azarkeşlər və media nümayəndələri qarşılayıb.

Daha sonra “Hilton” oteldə Kubokun təqdimetmə mərasimi və mətbuat konfransı keçirilib.

Mərasimdə çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel Dünya Kubokunun Azərbaycana gətiriləməsinin qürurverici olduğunu vurğulayıb. O, Kubokun şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacağını, futbol azarkeşlərinin Dünya Kubokunu yaxından görə biləcəklərini bildirib (Bu gün saat 19:00-dək - red).

Məşhur futbolçu Kristian Karambö isə Bakıda olduğundan məmnunluğunu qeyd edib: “Azərbaycanın paytaxtı kifayət qədər müasir şəhərdir. Hər dəfə bura gəlməkdən məmnunluq duyuram. Bakı hər zaman idman tədbirlərinin keçirilməsi ilə fərqlənib. Futbol üzrə Azərbaycan millisi isə Robert Prosineçkinin rəhbərliyi altında yaxşı çıxış etdi. Növbəti mundialda daha yaxşı çıxış etmək şansınız var. Ümid edirəm ki, yığmanızı DÇ-2022-də görə biləcəyik. Çünki növbəti mundialda 48 ölkə iştirak edəcək. Dünya Kuboku bir çox ölkələri, uzun məsafələri qət edib. Azərbaycan isə 16-cıdır. Amma səfərlərin uzaqlığı bizi usandırmayıb. Kuboku bura gətirməkdən məmnunuq".

O, Fransa yığmasının DÇ-2018-dəki şansları haqqında da fikirlərini bildirib: "Bu il dünya çempionluğumuzun 20 illik yubileyidir. Braziliya, İngiltərə, Almaniya və bəlkə də Rusiyanı favorit saymaq olar".

AFFA-nın baş katibi Elxan Məmmədov isə qonaqları və Dünya Kubokunu salamlayıb. O, qeyd edib ki, Dünya Kubokunu ölkədə görmək üçün 3 səbəb ola bilər: “Birinci dünya çempionluğu, ikinci ev sahibliyi, üçüncüsü isə hazırki tədbirdir. Ümidvaram ki, gələcəkdə ilk 2 səbəbdən də yararlanacağıq".

Sonra isə Dünya Kuboku media nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, Dünya Kuboku nəinki idman aləminin əsas mükafatıdır, həmçinin incəsənət ustalarının böyük yaradıcılığıdır. Məşhur italyan heykəltəraş Silvio Qatsaniqanın eskizləri əsasında hazırlanan Dünya Kuboku 6 kq-dan artıq xalis qızıldan ibarətdir. Məllif tərəfindən düşünülmüş xırda detallar isə sonradan əl ilə tamamlanıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə