Naxçıvanda hava və ekstremal idman növlərinə böyük maraq var

Naxçıvanda hava və ekstremal idman növlərinə böyük maraq var

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən idman tədbirləri ötən il də davam etdirilib, 5 velosiped yarışı, 11 yürüş və klublar daxili təlim-məşq keçirilib. 2017-ci ildə federasiyanın dağ idman növləri üzrə görüləcək tədbirlər çərçivəsində süni divar qurulması məqsədilə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birlikdə iş aparılıb.

Faktlar Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan yekun iclasda səsləndirilib.

İclasda federasiyanın sədri Hafiz Yaqubov çıxış edərək bildirib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, stadionların, süni örtüklü mini futbol meydançalarının, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu imkanlardan istifadə edən gənclər idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.

“Muxtar respublikada mövcud müasir təhsil və idman infrastrukturu gənc nəslin yaxşı təhsil almasına və müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaradır. Bütün idman növlərində olduğu kimi, hava və ekstremal idman növlərinə olan maraq da hər il artmaqdadır”, - deyən Hafiz Yaqubov ötən illərdə federasiya tərəfindən müxtəlif idman növləri üzrə yarışların və idman tədbirlərinin keçirildiyini, muxtar respublika idman yarışlarında uğur qazanan idmançıların ölkə birinciliyində mübarizə apardıqlarını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, idmanın bu növünün muxtar respublikada inkişafının təmin edilməsi məqsədilə rayonlarda birinciliklər keçirilib. Həmçinin dağ və digər ekstremal idman növləri üzrə təlim-məşq proseslərinin təşkili və bu sahədə maarifləndirici işlərin aparılması məqsədilə Bakı şəhərindən dəvət olunmuş təlimçi-məşqçilər yerli məşqçi və idmançılara müvafiq proqram əsasında təlimlər keçiblər.

“Nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb. İlboyu müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil edilib”, - deyən nazir idmançı və məşqçi heyətinin Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təmin olunmasının da ötən il bu sahədə həyata keçirilən tədbirlər sırasında olduğunu qeyd edib.

Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxışında ötən il federasiyanın gördüyü işlər barədə hesabat verib.

İclasa yekun vuran Hafiz Yaqubov bildirib ki, federasiya 2018-ci ildə də fəaliyyətində təlim-məşqlərin, yeni idman yarışlarının keçirilməsinə diqqəti artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə