“Neftçi” - “Zirə” matçında əzmkar mübarizə

“Neftçi” - “Zirə” matçında əzmkar mübarizə

Topaz Premyer Liqasının V turu çərçivəsində paytaxtın “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar. SİA-nın məlumatına görə, flaqmana yeni baş məşqçi təyin edilən Tərlan Əhmədovun komandanın oyununda qısa müddətdə dəyişiklik etməsi açıq şəkildə müşahidə olunub. "Bakcell Arena”da keçirilən matçda “Neftçi” əzmkar oyun nümayiş etdirsə də, minimal hesabla məğlub olub.

Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı matçın 17-ci dəqiqəsində qonaqlar açıblar. “Zirə”nin heyətində Vüsal İsgəndərli adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində - qarşılaşmanın 52-ci dəqiqəsində Riçard Qadze hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin qonaqların sevinci cəmi bir dəqiqə davam edib. “Neftçi”nin legioneri Uqo Barqas 53-cü dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb – 1:2.

Matçın 86-cı dəqiqəsində ev sahiblərinin heyətində Mirabdulla Abbasov qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyub. Qalan dəqiqələrdə “Neftçi”nin çoxsaylı hücumlarına baxmayaraq, qapılara top vurulmayıb və görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “İnter”-“Sumqayıt” (1:1) oyunu ilə start verilən beşinci tura sentyabrın 17-də “Səbail”-“Qəbələ” və “Qarabağ”-“Kəpəz” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə