"İnter" üzərində qələbədə pay sahibi olan və yeni komandasında ilk qolunu vuran "Neftçi"nin ispan hücumçusu Daniel Seqoviya apasport.az saytının da suallarını cavablandırıb.
- İlk qolunuzu vurdunuz, qələbənizi qazandınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Oyuna yaxşı başladıq və bəxtimiz gətirdi ki, ilk 15 dəqiqədə 2 qol vurduq. Bundan sonra bir qədər arxayınlaşdıq və müdafiəyə çəkildik. Rəqib bundan istifadə edib fərqi minimuma endirdi. Amma ikinci hissədə üçüncü qolu vurmaqla oyunun taleyini həll etdik. Bu qoldan sonra "İnter" heç nə edə bilmədi. Təbii ki, qol vurduğuma görə sevinirəm.
- Topu qəbul edən zaman daha əlverişli vəziyyətdə olsanız da, qapıçıdan dönən topu qapıdan keçirdiniz. Həmin vaxt ilk zərbəniz niyə tora qovuşmadı?
- Topun mənə gəldiyini görürdüm. Sadəcə, meydançanın örtüyü süni olduğuna görə, top ayağımın altında qaldı. Buna görə fürsəti dəyərləndirə bilmədim. Amma qapıçıdan dönən top qarşımda yerə düşdü və bu dəfə özümü tarazlaya və "çərçivə"yə düşə bildim.
- Süni örtüklü meydançada oynamaq çətindi?
- Çətin idi, çünki uzun müddət idi bu cür meydanda oynamırdım. Ancaq futbolda hər cür vəziyyətə öyrəşmək lazımdı. Çalışıram bu prosesi tez keçirim, komandaya tez uyğunlaşım və xeyrim dəysin.
- Bilirsiz, bundan da bərbad örtüyə sahib olan meydançalarımız var?
- Xeyr, bilmirəm.
- Onda AZAL-ın meydançasını görməmisiniz?
- Xeyr, ancaq "Neftçi"nin meydançasını tanıyıram. Çünki orda məşq edirik.
- "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın təzəlikcə məhz həmin arenda zədələndiyini və 6 aydan sonra futbol oynaya biləcəyini eşitmisiniz?
- Onu eşitmişəm, məlumatım var.
- "Neftçi"yə qarşı bu qədər kobud hakim səhvləri sizi narahat etmir?
- Futbolu illərdi oynayırm. Hakimlər də insandı, səhv edə bilərlər, eyni zamanda səhvsiz də keçinmək mümkündü. Futbolumuzu oynamalıyıq. Komandada da söhbətimiz olub ki, biz rəqibə 2-3 top vurduqdan sonra hakimin səhvi bizə nə edəcək. Yəni işimizi görməliyik.
- Neçə qol vurmağı təxmin edirsiniz?
- Harda oynayıramsa, neçə qol vuracağımı və məhsuldar ötürmə verəcəyimi saymıram, bu haqda danışmıram. Vacib olan komandaya kömək etməkdi. Komandanın hansı vəziyyətdə olduğunu bilirəm. Bura gələnədək maraqlanmışam, bilirəm ki, "Neftçi" ölkənin ən köklü klubudu.
- Bəs niyə 7-ci pillədə olduğunuzla bağlı klub rəhbərliyinə sual vermisiniz?
- Bununla bağlı sual verməmişəm. Çünki bu cür hal bütün klubların başına gələ bilər. Heç kim sığortalanmayıb. Amma layiq olduğumuz pilləyə yüksələcəyimizə inanıram. "Neftçi" bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində çıxış edib.
- 8 komandalı çempionatda iştirak etmisiniz?
- Buna qədər Avstriyada 10 komandanın iştirak etdiyi çempionatda oynamışam. Bir-birinə yaxın çempionatdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB