"100 faiz hazır olsam, Qurban Qurbanov meydana buraxacaq"

"100 faiz hazır olsam, Qurban Qurbanov meydana buraxacaq"

Azərbaycan yığmasının və "Qarabağ"ın zədədən əziyyət çəkən müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Klubdan verilən məlumata görə, artıq məşqlərə başlamısınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Normal. Komanda ilə məşqləri bərpa etmişəm. Artıq fiziki cəhətdən bərpa olmağa çalışıram. Çünki uzun müddət idi oynamırdım.

- Belə çıxır ki, hələ oynamağa hazır deyilsiniz?
- Ümid edirəm ki, tezliklə oynamağa başlayacağam. Amma baş məşqçinin mənə nə vaxt, nə qədər şans verəcəyini bilmirəm.

- Sizi "Fiorentina" ilə oyunda meydanda görə biləcəyik?
- 100 faiz hazır olsam, yəqin ki, Qurban Qurbanov meydana buraxacaq.

- İtaliya klubu ilə oyundan öncə sizi bu gün "Kəpəz"lə görüş gözləyir. Bu oyundan nə gözləyirsiniz?
- Gəncədə oynamaq həmişə çətin olub. Amma biz meydana qələbə üçün çıxacağıq. Rəqibə hörmət edirik və qələbə qazanmaq istəyirik.

- Uzun müddət oynamadığınızı nəzərə alsaq, yəqin ki, futbol üçün çox darıxmısınız...
- Çox darıxmışam. İnanın ki, oyunları kənardan izləmək çox ağırdır.

- "Qarabağ" Avroliqanın qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı oyunda necə təsir bağışladı?
- Pis çıxış etmədik. Üstünlük komandamızda idi. Əfsuslar olsun ki, bu üstünlükdən yararlana bilmədik. Rəşad Sadıqov bir daha əsl kapitan olduğunu nümayiş etdirdi.

- Oynamaq çətindir, azarkeşlik etmək?
- Kənardan baxanda çox əsəbləşirsən. Çünki komandaya kömək edə bilmirsən. Ancaq qışqırmaq imkanın olur (gülür).

- Sizin mövqeyinizdə oynayan Elvin Yunuszadə çıxışına görə çox tənqid olundu...
- Mən onun zəif çıxış etdiyini düşünmürəm. Layiqli mübarizə apardı. Həm də unutmaq lazım deyil ki, o, uzun müddət oynamırdı, buna görə də ona vaxt lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə