Valentin Xristov: \"Azərbaycanı təmsil etdikdən və Avropa çempionu olduqdan sonra məni yada saldılar\"

Valentin Xristov: \"Azərbaycanı təmsil etdikdən və Avropa çempionu olduqdan sonra məni yada saldılar\"

Rusiyanın Kazan şəhərində ağır atletika üzrə Avropa çempionatı davam edir. Amma artıq Azərbaycan yığması kənarda qalıb. Siasport.az saytı xəbər verir ki, öncə böyük heyətlə yarışa gedəcəyimiz gözlənilsə də, sonradan qeyri-müəyyən səbələrdən Azərbaycanı yalnız yenicə milliləşdirdiyimiz 17 yaşlı Valentin Xristov təmsil etdi. Xristov B qrupunda mübarizə aparsa da, yekunda 262 kq çəkini başı üzərinə qaldırmaqla Avropa çempionu oldu. Lakin az sonra Bolqarıstan Ağır Atletika Federasiyasının etirazından sonra idmançının nəticəsi ləğv edildi.

Xristov bu olayla bağlı açıqlama verib: "Düzü hələ də Bolqarıstan federasiyasının nəyə etiraz etdiyini anlamadım. İlyarımdı heç bir yarışa qatılmamışam. Mənə hansısa turnirə qatılmağa imkan da vermirdilər. Belədə Azərbaycan tərəfindən hər cür şərait yaradıldı. Ölkənizi təmsil etdikdən və Avropa çempionu olduqdan sonra isə məni yada saldılar. Sözsüz ki, psixoloji cəhətdən sarsılmışam. Mənə heç kim inanmadığından "B" qrupuna salınmışdım. Amma nəticəmlə qızıl qazandım. Hər şeyə baxmayaraq, özümü Avropa çempionu sayıram. Bunu demək olar unutmuşam. Artıq məşqlərə də başlamışam. Dünya çempionatında daha yaxşı nəticə göstərəcəm".

Valentin Azərbaycandan gələn təklif barədə çox da düşünmədiyini də deyib: "Əgər ölkəndə sənə özünü göstərmək üçün heç bir şans tanınmırsa, nə etməlisən. Azərbaycandan gələn təklif əla oldu. Burada məşq və yarışlarda iştirak üçün hər cür şərait yaradılıb. İdmançı üçün də bu çox önəmlidi. Həm də Bakı gözəl şəhərdir".

Bu arada idmançının məşqçisi Zlatan Vanev də müdaxilə edib: "Bolqarıstan federasiyası mövcud olmadığından Azərbaycan tərəfinin kimdənsə icazə almaq imkanı olmayıb. Əgər onlar mane olsa, yəni London olimpiadasında iştirak edə bilməsə belə, qalan bütün mötəbər yarışlarda, olimpiadada Azərbaycanı təmsil edəcək. O hələ çox gəncdir\".//extratime.az

Bütün xəbərlər Facebook səhifəmizdə