AZAL "Zirə" ilə oyundan 1 xal qazandı

AZAL "Zirə" ilə oyundan 1 xal qazandı

Topaz Premyer Liqasının 34-cü turunda AZAL klubu "Zirə"ni qəbul edib. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən qarşılaşmanı Elvin Əsgərov idarə edib. Ona Rahil Ramazanov, Vüsal Qənbərov və İnqilab Məmmədov kömək ediblər.

AZAL-ın ilk 11-liyində Stanislav Namaşko, Rail Məlikov (k), Tural Hümbətov, Emin Cəfərquliyev, Qvanzav Maqomedov, İlqar Ələkbərov, Hacı Əhmədov, Nuqzar Kvirtiya, Murad Səttarlı, Adan Koronado və Aydın Qasımov meydana çıxıb.

Ehtiyat oyunçular skamyasında isə Amil Ağacanov, Məhəmməd Bədəlbəyli, Ruslan Nəsirli, Seyidrəzi Ağayev, Aleksandr Quruli, Mirzağa Hüseynpur, Kamil Hüseynov gözləyib.

"Zirə" klubunun start heyətində isə Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Tellur Mütəllimov, Aleksandr Şemonayev (k), Viktor İqbekoyi, Vüqar Mustafayev, Vüsal İsgəndərli, Elvin Məmmədov, Nurlan Novruzov və Nelson Bonilla yer alıb.

Ehtiyatda Kamal Bayramov, Sadiq Quliyev, Çimezi Mbah, Təmkin Xəlilzadə, İqor İvanoviç, Nicat Qurbanov və Elgün Nəbiyev baş məşqçinin onlara verəcəyi şansı gözləyiblər.

"Zirə" çempionatın gümüş medallarını təmin etmək, AZAL isə Avrokuboklar iddiasını davam etdirmək üçün qələbə uğrunda bütün gücü ilə mübarizə aparıb. Oyun gərgin idman mübarizəsi şəraitində keçib. Cari mövsümdə Şüvəlanda məğlub olmayan "təyyarəçilər" ənənələrinə sadiq qalıblar. Matçın ilk hissəsi qarşılıqlı hücumlarla keçib. Buna baxmayaraq, qapılara qol vurulmayıb.

İkinci hissədə də hər iki komanda qalib olmaq üçün hücuma atılıb. Nəhayət, qarşılaşmanın 68-ci dəqiqəsində "təyyarəçilər" qonaqları oyunu meydanın mərkəzindən başlamağa məcbur ediblər. AZAL-ın futbolçusu Nuqzar Kvirtiya komandasını önə çıxarıb - 1:0.

Matçın 86-cı dəqiqəsində isə "Zirə"nin futbolçusu Viktor İqbekoyi hesabda tarazlıq yaradıb - 1:1. Bundan sonra qapılara qol vurulmayıb və oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, hazırda AZAL 46 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. "Zirə" isə 61 xalla 2-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə