AZAL üstün olduğu oyunda qələbə qazanıb

AZAL üstün olduğu oyunda qələbə qazanıb

Topaz Premyer Liqasının XVI turunun ikinci oyun günündə AZAL "Xəzər Lənkəran"la qarşılaşıb. SİA-nın məlumatına görə, "AZAL Arena"da keçirilən matçı Rauf Cabbarov idarə edib. Qarşılaşmada üstün oyun nümayiş etdirən AZAL dəfələrlə real qol vəziyyətləri yaradıb. Rəqibini daim təzyiq altında saxlayan "təyyarəçilər" oyunun 70-ci dəqiqəsində matçın yeganə qolunu vurublar. AZAL-a qələbə qazandıran qola Murad Səttarlı imza atıb.

Qeyd edək ki, AZAL 16 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşmanı belə şərh edib: "Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim. Onlar istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var. Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində getmək istəyirik".

Günün digər oyunlarında "Neftçi" "Qəbələ"ni 0:1 hesabı ilə məğlub edib, "Zirə" - "Qarabağ" oyunu isə qolsuz bərabərliklə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə