Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov və digərləri iştirak ediblər.
Nazir Azad Rəhimov ölkəmizdə şahmatın inkişafından danışıb: "Azərbaycanda şahmatın zəngin ənənələri və uğurları var. Biz onları qoruyub inkişaf etdiririk. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə şahmat məktəbləri inşa edilib. O zaman 70-dək məktəb tikilmişdi. Hazırda dövlətimizin başçısı İlham Əliyev bu işi uğurla davam etdirir. Azərbaycanın regionlarında şahmat məktəbləri fəaliyyət göstərir və uşaqlar, yeniyetmələr idmanın bu qədim növünə böyük maraq göstərirlər".
A.Rəhimov bildirib ki, Azərbaycanın şahmat üzrə Dünya Kuboku kimi mötəbər yarışa ev sahibliyi etməsi çox mühüm hadisədir: "Gənclərimizin dünyanın aparıcı şahmatçılarının oyununu canlı izləmələrinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Digər tərəfdən, belə yarışlar ölkəmizdə şahmatın inkişafına mühüm töhfə verir. Gələn il Azərbaycan daha bir mötəbər yarışa - Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda keçirilən Şahmat Olimpiadasında qəbul edilib. Əminəm ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil olunacaq".
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Dünya Kubokunda çıxışına marağın böyük olmasının sevindirici hal olduğunu deyən nazir, yarış günlərindən birində 600-dək tamaşaçının partiyaları izləməsinin ictimaiyyətin nümayəndələrinin, xüsusən gənclərin şahmata marağını göstərdiyini qeyd edib: "Fikrimcə, gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram".
O, Dünya Kuboku və Şahmat Olimpiadasını Azərbaycana etibar etdiyi üçün FİDE-yə minnətdarlığnı bildirib.
FİDE prezidenti Kirsan İlümjinov vurğulayıb ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhəti ilə dünya şahmat tarixinə keçəcək. O, finalçılar Sergey Karyakinlə Pyotr Svidlerin uğurlu çıxışları ilə yüksək təşkilatçılığa töhfə verdiklərini bildirib.
Tədbirdə AŞF prezidenti Elman Rüstəmov da çıxış edərək yarışın təşkilatçılığından, FİDE ilə sıx əməkdaşlıqdan danışıb.
Sonda finalçıların mükafatlandırılması mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB