Mariya Stadnik: "Sevincimdən göyün yeddinci qatındayam" AÇIQLAMA

Mariya Stadnik: "Sevincimdən göyün yeddinci qatındayam" AÇIQLAMA

"Çox sevinirəm ki, ilk Avropa Oyunlarında qızıl medal qazanmışam. Bu, mənim üçün böyük şərəfdir". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" ilk Avropa Oyunlarının qadın güləşi yarışlarında 48 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan təmsilçisi Mariya Stadnik deyib. O, qələbəsini bir il əvvəl həyatdan köçmüş qayınatasının xatirəsinə həsr etdiyini qeyd edib.

"Mən I Avropa Oyunlarının elçisi idim. Sonra Oyunların məşəlini daşıyanlardan biri oldum. İndi isə həm də I Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm. Çox razıyam ki, bu gün məni bu qədər tamaşaçı dəstəklədi. Onlara minnətdaram. İlk növbədə, Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı bildirirəm. Gözəl güləş göstərmək istəyirdim ki, hamının xoşuna gəlsin. İndi sevincimdən göyün yeddinci qatındayam", deyə M.Sadnik əlavə edib.

Güləşçi rəqiblərindən nisbətən polşalı idmançını fərqləndirib: "Ümumiyyətlə, dünya səviyyəsində rus və yapon güləşçilər digərlərindən daha güclüdür".

M.Stadnik karyerası ərzində uşaq vaxtı qazandığı medalların əziz olduğunu bildirib: "Medalları alanda böyük emosiyalar yaşayırdım. O vaxt bu, mənim üçün böyük xoşbəxtlik idi".

Güləşçimiz təltifetmə mərasimində Azərbaycan himnini oxuması barədə də danışıb: "Bəli, Azərbaycan himnini bu dəfə özüm də oxudum. Axır ki, az da olsa, müəyyən qədər əzbərləyə bildim. İlk dəfə idi ki, Azərbaycan himnini oxuyurdum. Sadəcə, hər dəfə qulaq asırdım. Bəlkə də nəyisə düz oxumuram, çünki özüm öyrənmişəm".
O, sonda Azərbaycan Dövlət Himnindən bir hissəni təkrarən oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə