Yunan-Roma güləşçilərimiz I Avropa Oyunlarına Xaçmazda hazırlaşırlar FOTOSESSİYA

Yunan-Roma güləşçilərimiz I Avropa Oyunlarına Xaçmazda hazırlaşırlar FOTOSESSİYA

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. SİA-nın məlumatına görə, mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir. Təlimlərə ümumilikdə 30-a yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, hazırlığın səmərəsini artırmaq üçün 3 gürcü pəhləvan da məşqlərə cəlb olunub. Məşqçilər korpusu gündə 2 dəfə keçirilən hazırlıqda əsasən texniki məşqlərə üstünlük verir.

Baş məşqçi Cəmşid Xeyrabadi yığma komanda üzvlərinin həm taktiki, həm də texniki baxımdan tam hazır olduqlarını bildirib: "Həm öz, həm bütün məşqçilər heyəti, həm də komanda üzvləri adından deyə bilərəm ki, yığmamız tam hazırdır. Azarkeşlər bizdən yüksək nəticələr gözləyirlər. Var gücümüzlə çalışırıq ki, yüksək əyarlı medallar qazanaq və bütün Azərbaycanı sevindirək".

Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov bildirib ki, I Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq, əsasən döşək üzərində fərdi məşqlər keçirilir: "Fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən I Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, mübarizə apardığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır".

Yığma komandanın üzvü Elvin Mürsəliyev də I Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək deyib: "I Avropa Oyunlarına çox ciddi hazırlaşırıq. Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. I Avropa Oyunlarının Bakıda təşkil olunması bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır".

Qeyd edək ki, təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə