Yaşar Vahabzadə: "Hücum xəttində oynamağa futbolçumuz yoxdur" AÇIQLAMA
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Antalyada yoldaşlıq görüşündə Qana yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib. SİA-nın məlumatına görə, o, matçı belə şərh edib: "Antalya toplanışında iki matç keçirdik. Futbolçularımın sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam. Komandada istək var idi. Qana fiziki, atletik cəhətdən bizdən güclü idi. Məğlub olmağımıza baxmayaraq, futbolçularım sona qədər mübarizə apardılar. Əsasən də birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də oyunçularımda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar.
Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldur. Ən böyük problemimiz hücumçudur. Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma o, klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur.
Düzdür, klubların əvəzedici heyətlərində var. Hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə oynaya biləcək hücumçu yoxdur. Buna görə də, əlimizdə olanlardan istifadə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB