Misa Equçi isə favoriti məğlub etdi
Olqa Savçuk uduzdu

Təsnifat mərhələsində (qulafying) Katerina Kozlova (Ukrayna) və Kseniya Pervakı (Rusiya) məğlub edərək əsas mərhələyə yüksələn ukraynalı Olqa Savçuk bu uğurun davamını gətirə bilmədi. Dünya reytinqinin 215 nömrəli tennisçisi 27 yaşlı O.Savçuk 76-cı pillədəki rəqibi, 18 yaşlı xorvatiyalı Donna Vekiçlə qarşılaşdı.

İlk setin qalibi tay-breykdə müəyyənləşdi. Bir saat davam edən ilk setin sonunda D.Vekiç rəqibini çətinliklə də olsa 7:6 hesabı ilə məğlub etdi.

İkinci set xorvatiyalı tennisçi üçün daha asan keçdi. O, O.Savçukun mübarizə əzmini qırdı və rəqibinə heç bir şans vermədi. Beləliklə, 2-ci seti 6:0 hesablı qələbə başa vuran D.Vekiç matçı 2:0 uddu və 4-cü tura (səkkizdəbir final) yüksəldi.

Onun növbəti rəqibi fransalı Kristina Mladenoviç olacaq.

Təsnifat mərhələsində Nikol Meliçar (ABŞ) və Amandin Hesse (Fransa) üzərindəki qələbədən sonra əsas mərhələyə (main draw) yüksələn yaponiyalı Misa Equçi isə O.Savçukdan fərqli olaraq bu turda da qələbə qazandı.

Dünya reytinqində 183-cü olan 22 yaşlı M.Equçi özündən daha təcrübəli, reytinqdə 36-cı, turnirin 3 nömrəli favoriti, 26 yaşlı slovakiyalı Maqdalena Rıbarıkova ilə oyunda olduqca inamlı mübarizə apardı.

Gərgin və maraqlı keçən matçın ilk setində yaponiyalı tennisçi rəqibindən 6:4 üstün oldu. İkinci setdə M.Rıbarıkova təzyiqini artırdı və hətta setin sonlarında 5:4 önə də keçdi. Lakin M. Equçi yenidən təşəbbüsü ələ aldı və tay-breykə qədər uzanan setin sonunda 7:6 hesabı ilə qalib gəldi.

Beləliklə, güclü rəqibini 2:0 məğlub edən Misa Equçi səkkiizdəbir finala yüksəldi. Onun növbəti rəqibi polşalı Urszula Radvanska olacaq.

Qeyd edək ki, M.Rıbarıkova "Baku Cup 2014"də Kurumi Nara və Xiter Uatsondan sonra turnirlə ilk turda vidalaşan 3-cü favorit oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə