Tayvan turunda uğurlu start

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Tayvan turu"nda mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, 5 günlük yürüşün 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.

"Synergy Baku" üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.

Komanda üzvlərimizin bu nəticəsi "Synergy Baku"nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb.

Qeyd edək ki, 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə