Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

20-27 noyabr tarixlərində Qazax rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" devizi altında mini-futbol üzrə açıq Qazax rayon turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnir Qazax Olimpiya İdman Kompleksində baş tutacaq.

Yarışın əsas təşkilatçısı "İnter Sekyuriti" MMC-dir. Belə ki, Milli Qəhrəman Mübariz İbrahimov hərbi xidməti başa vurduqdan sonra "İnter Sekyuriti" MMC-yə işə qəbul olmuş və 2009-cu ilədək həmin şirkətin nümunəvi əməkdaşı olmuşdur. Şirkət rəhbərliyi hər il Mübariz İbrahimovun xatirəsinin yad edilməsi üçün bir sıra tədbirlər təşkil edir.

Turnirin əsas məqsədi gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və rayonda mini futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.

Turnirin digər təşkilatçıları "Qazax Olimpik" MMC, Qazax rayon Gənclər və İdman İdarəsi və "Gəncliyin təşəbbüsü" MİB-dir. Yarışda 18 komanda iştirak edir. Yekunda fərqlənən komandalara kubok, medal, diplom, müxtəlif hədiyyələr və pul mükafatı veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə