Patrik Hikki: "Avropa Olimpiya Oyunlarına hazırlıq prosesi yüksək səviyyədədir"
"Azərbaycan dövləti Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə diqqətini cəmləyib. Azərbaycanın təşkil edəcəyi 2015-ci il ilk Avropa Olimpiya Oyunlarına hazırlıq prosesi yüksək səviyyədədir və görüləsi işlərdə böyük irəliləyişlərə nail olunub". Siasport.az saytının məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib. P.Hikki bildirib ki, Azərbaycan ilk Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün böyük işlər görür və işlərin gedişi qənaətbəxşdir: "Azərbaycan hökuməti Avropa Oyunlarını beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, nəqliyyat layihələrini, o cümlədən metro və avtobus sistemlərinə edilən təkmilləşdirməni, şəhərin abadlaşdırılması və bir çox digər infrastruktur layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində geniş miqyaslı hazırlıq işlərinə sərmayə qoyur. Biz bu işlərdən çox razıyıq. İnanırıq ki, Azərbaycan ilk Avropa Olimpiya Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək".
Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Spiros Kapralos isə bildirib ki, Bakı 2015 Təşkilat Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara valeh olub: "Bakı 2015 Avropa Oyunları bütünlükdə Avropa cəmiyyəti üçün böyük yeni infrastrukturlar, tədbirlərin keçirilməsi üçün yerlər yaradacaq".
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycan ilk Avropa Olimpiya Oyunlarının ev sahibi kimi qısa bir müddətdə böyük bir irəliləyiş əldə edib: "Bakı 2015 Olimpiya Avropa Oyunları dünya idman tarixində böyük rol oynayacaq. İşin gedişi onu deməyə əsas verir ki, yarışların keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlər vaxtında həll olunacaq. İdman qurğularının 90-a qədəri 2014-cü ilin sonunadək tam hazır olacaq. 65 minlik Olimpiya Stadionu və Böyük Su-Hovuz Kompleksi 2015-ci il fevralın əvvəlində istifadayə veriləcək. Hazırda bir gün də istirahət etməyə vaxt yoxdur. Görülən işlər bütün idman qurğularının vaxtında tikilib istifadəyə veriləcəyini deməyə əsas verir".
Nazir əlavə edib ki, Azərbaycan bu oyunlara önəm verir: "Bu oyunların Azərbaycanın idman tarixində bir irs kimi qalması üçün çalışırıq. Oyunlar üçün tikilən obyektlər Azərbaycanın gələcək nəsilləri üçün inşa edilir".
A.Rəhimovun sözlərinə görə, məhz bu oyunlar zamanı Bakıda bir sıra idman növləri üzrə ilk dəfə yarışlar keçiriləcək: "Azərbaycan gəncləri yeni idman növləri ilə tanış olacaq və bu idman növlərinin ölkəmizdə də inkişaf etdirilməsi üçün şərait yaranacaq".
Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunları ilə bir ənənə yaratmaq istəyir: "Bu oyunlar miqyasına görə Azərbaycan idman tarixində ən böyük tədbirdir. Ona görə də biz ölkədə infrastrukturla yanaşı, bütün sahələrdə irəliləyişə nail olmaq istəyirik".
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş Əməliyyat İcraçısı Cim Şerir deyib ki, oyunların açılış mərasiminədək çox az - 600 gün qalmasına baxmayaraq, BAOƏK-də hər kəs çoşğuludur: "İşlərin görülməsi üçün planlaşdırma yüksək səviyyədədir. Oyunların yüksək səviyyədə keçirilməsi üçün göstərilən diqqətə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm".
Elvin Aldulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB