Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində növbəti yarış gününə start verilib. Siasport.az saytının məlumatına görə, iki idmançımız – Məhəmməd Məmmədli və Emin Mirzəyev artıq körpücük üzərinə çıxıblar. Hər iki atlet yaşı 17-yə qədər olan idmançıların mübarizəsində 50 kq çəki dərəcəsində çıxış ediblər.
Lerik idmançısı Emin Mirzəyev birdən qaldırma hərəkətində ilk yanaşmasında 72, sonra isə 77 kq-ı başı üzərinə qaldırıb. Ancaq o, sonuncu sifarişi olan 80 kq-ı ram edə bilməyib. Təkanla qaldırma hərəkətində Emin birinci yanaşmasında 92 kq-ı rahat qaldırıb, ancaq sonrakı iki cəhddə 98 kq-ı ram etmək mümkün olmayıb. Təkanla qaldırma Mirzəyevin güclü tərəfi olsa da, idmançımız uğursuzluqdan qaça bilməyib. Toplamda 169 kq (77 kq + 92 kq) nəticə göstərən Emin, ümumi sıralamada 5-ci yeri tutub.
İsmayıllı idmançısı Məhəmməd Məmmədli isə çox yaxşı çıxış edib. Gənc atlet birdən qaldırma hərəkətində əvvəlcə 79, sonra isə 81 kq-ı rahatlıqla başı üzərinə qaldırıb. Ancaq üçüncü yanaşmasında 83 kq-lıq ştanq ona ram olmayıb. Buna baxmayaraq, Məmmədli bu hərəkətdə gümüş medal qazanıb.
Təkanla qaldırma hərəkətində isə atletimiz daha yaxşı çıxış edib. O, əvvəlcə 95, sonra isə 100 kq-ı qaldırıb. İdmançımız sonuncu yanaşmada 102 kq-a güc gələ bilməsə də, bu hərəkətdə qızıl medala sahib çıxa bilib.
Toplamda 181 kq (81 kq + 100 kq) nəticə göstərən Məhəmməd Məmmədli Avropa birincliyinin gümüş medalını qazanıb. Atletimiz qızıl medalı yalnız bir kiloqram fərqlə uduzub. Məhəmməd təkanla qaldırmada üçüncü yanaşmasında 102 kq-ı qaldıra bilsəydi, çempion adını qazanacaqdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB