Qurban Quranov: "Qarabağ" hələ Əfrana qiymət qoymayıb" MÜSAHİBƏ

Qurban Quranov: "Qarabağ" hələ Əfrana qiymət qoymayıb" MÜSAHİBƏ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müsahibə verib. Siasport.az saytı həmin müsahibəni təqdim edir:

- Artıq Əfran İsmayılovun "Qarabağ"dan ayrılacağı dəqiqləşdi?

- Bəli.

- Əfran deyir ki, getmək istədiyini ilk olaraq sizə danışıb...

- Bəli, mənimlə danışıb. Biz istəyirdik ki, dekabra kimi qalsın. Amma məşqlərdən, işinə yanaşmağından görürdüm ki, ürəyi burada deyil. Dəfələrlə belə halların şahidi olmuşuq. Kim burada oynamaq istəmirsə, onu komandada saxlaya bilmərik.

- Əfran sizin otağınıza girib getmək istədiyini deyəndə ilk sözü nə oldu?

- Xırdalayası bir şey yoxdu. Sadəcə dedim ki, tez bir zamanda səni transferə çıxaracağıq.

- Gedəcəyi və ya getmək istədiyi komandanın adını sizə dedimi?

- Təklifləri var. Fərqi yoxdu hansı komandaya gedir, Əfran yaxşı oğlandı, yaxşı futbolçudu. Ona uğurlar arzu edirik. "Qarabağ"da oynamaq istəmirsə, biz onun yolunu kəsə, qaytara bilmərik. Yollarımızı ayırsaq, daha yaxşı olar. Hansı futbolçu başqa klublarla danışıq aparırsa, onlar bu komandada qalmayacaq.

- Yarımmüdafiəçi son vaxtlar yaxşı oyun göstərmirdi. Ola bilərmi ki, elə səbəb "Qarabağ"da qalmaq istəməməsi idi?

- Düşünmürəm ki, o, meydana çıxanda maksimum oynamaq istəməsin. Meydana çıxanda əlindən gələni etmək istəyir. Öz oyununu göstərmək üçün 100 faiz hazır olmaq lazımdı.

- Əfranın transfer qiyməti nə qədər olacaq?

- "Qarabağ" hələ Əfrana qiymət qoymayıb. Hansı klub onu istəsə, "Qarabağ"a müraciət eləməlidi. Çünki bu komandanın, rəhbərliyin Əfranın üstündə haqqı var. "Qarabağ" onun futbolçu kimi yetişməsində böyük iş görüb. Ona görə də hansı klub onun xidmətində maraqlıdısa, "Qarabağ"a müraciət olunacaq və danışıqlar da bundan sonra başlayacaq.

- Ötən mövsüm də Rəşad Sadiqovla bağlı belə bir problem yaşadız. Futbolçular "Qarabağ"da daha çox tanınırlar, uğur qazanırlar, amma sonra komandadan getmək istəyirlər. Niyə belə olur?

- Bilmirəm.Özləri belə qərar verirlər. Futbolda belə şeylər ola bilər. Futbolçular klublarını dəyişə də bilərlər. Amma mən çox istəyirdim ki, bu futbolçular qalsınlar, daha yaxşı nəticə versinlər. Onlardan daha çox şey tələb edirdim, onlarla daha çox maraqlanırdım. İstəmirlərsə, problem yoxdu.

- Komandanın əksər üzvləri deyirdilər ki, "Qarabağ"ı Azərbaycanda heç bir kluba dəyişməzlər. Getsələr, ancaq ölkə xaricinə gedərlər.

- Mənə bu barədə heç nə deməyiblər.

- Amma mətbuata deyiblər.

- Onlar deyiblər. Mən deməmişəm. Yəqin onlara bu sualı versəz, yaxşı olar.

- Dünən yoxlama oyununda "Qarabağ" "Bakı"ya məğlub oldu. Komandada nədən razı, nədən narazı qaldınız?

- Tam bizə uyğun oyun alındı. Fasilədə bir həftəlik hazırlıq dönəmi var idi. Həm oyun praktikasını itirməmək, həm də yüklənmək baxımından bizim üçün vacib oyun idi. Yaxşı ot örtüyündə yaxşı rəqibə qarşı oynadıq. Sürətli oyun alındı. Hər şey düşündüyümüz kimi oldu. Nəticəyə baxmayaraq, tam istədiyimizi götürə bildik.

Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə