Ölkəmizdə keçiriləcək futbol üzrə qadınlararası dünya çempionatına 16 ölkənin millisi qatılacaq

Ölkəmizdə keçiriləcək futbol üzrə qadınlararası dünya çempionatına 16 ölkənin millisi qatılacaq
Sentyabrın 22-də başlayacaq və 21 gün davam edəcək futbol üzrə qadınlararası dünya çempionatında 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq.
Siasport.az saytı xəbər verir ki, Azərbaycan dünyanın 15 müxtəlif ölkəsindən milli komandaları və azarkeşləri qəbul edəcək. Artıq çempionat həyəcanını yaşayacaq 16 komandanın 14-ü məlumdur.
Ölkəmiz bu çempionatda iştirak etməyə ev sahibi statusu almaqla avtomatik olaraq haqq qazanıb. Dünyanın bütün mədəniyyətlərinin bir araya gələcəyi çempionatda Asiyanı Şimali Koreya, Yaponiya və Çin təmsil edəcək. Bu üç ölkənin çempionatda iştirakı ötən ilin noyabrından müəyyənləşmişdi.
Afrika qitəsinin Qambiya, Nigeriya və Qana yığmaları ilə təmsil olunacağı çempionatda azarkeşlik mədəniyyəti, futbol coşqusu ilə tanınan Cənubi Amerikadan isə Braziliya, Kolumbiya və Uruqvay milliləri birincilik uğrunda yarışacaqlar.
Yeni Zelandiya milli yığmasına gəldikdə isə, çempionatda iştirak haqqına sahib olmaq üçün OFC seçimləri sırasında digər iştirakçı 3 ölkə arasından fərqlənməyi bacarıb və sentyabrda Bakı və Lənkəranda keçiriləcək oyunlarda iştirak üçün ölkəmizə gələcək.
Yuxarıda göstərilən ölkələrə əlavə olaraq mayın 2-13-dək Qvatemalada keçirilən CONCACAF seçimlərində çempionatda iştirak edəcək daha 3 ölkə məlum olub. Belə ki, mayın 10-da ABŞ və Kanada, 12-də isə Meksika milli yığması digər komandalar arasından seçilərək Azərbaycana bilet əldə edənlər sırasına qoşulublar.
UEFA-da birinci və ikinci təsnifat mərhələlərinin oyunları artıq tamamlanıb. İyunun 26-29-dək İsveçrənin Nyon şəhərində keçiriləcək final mərhələsinin oyunlarında daha 2 komanda çempionatda iştirak üçün Azərbaycana gəlməyə haqq qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə