Avarçəkənlər son olimpiya təsnifat reqatasında yarışacaq

Avarçəkənlər son olimpiya təsnifat reqatasında yarışacaq
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq. Siasport.az saytının məlumatına görə, baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 5 avarçəkən səfərə çıxacaq. Onlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. İdmançılarımız əvvəlcə mayın 4-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Dünya Kubokunun I mərhələsində iştirak edəcək. 3 gün davam edəcək nüfuzlu yarışda Aleksandrov, Yotov və Mustafayeva 1 nəfərlik qayıqla (1X), Angelova – Nençeva dueti isə 2 nəfərlik təkavarlı qayıqla (2-) 2000 metr məsafəyə yürüşlərə qatılacaq.

Məlumat üçün bildirək ki, bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 – 23 mayda baş tutacaq son Olimpiya təsnifat reqatasına (Final Olympic Qualification Regatta) və 25 – 27 mayda baş tutacaq Dünya Kubokunun II mərhələsinə hazırlaşacaq. Ardından komandamız 15 – 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq Dünya Kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə