""Formula 1" yarışlarının Azərbaycanda keçirilməsi tək idman hadisəsi deyil" - İDMANÇI DANIŞDI

"“Formula 1" və bunun kimi digər mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi hər birimizi sevindirir və qürurlandırır. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkəmizdə idmana olan sevgi, hörmət və qayğı yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev deyib.

Onun sözlərinə görə, dövlətimizin idmanın inkişafına göstərdiyi diqqət və dəstək nəticəsində Azərbaycan bu gün dünya idman xəritəsində önəmli yerlərdən birini tutur:

"“Formula 1" kimi nəhəng və texniki baxımdan mürəkkəb yarışın Bakıda keçirilməsi təkcə idman baxımından deyil, həm də iqtisadi, turizm və mədəni sahələrdə böyük əhəmiyyət daşıyır. Yarış üçün ölkəmizə gələn iştirakçılar, komanda üzvləri, jurnalistlər və turistlər Azərbaycanla daha yaxından tanış olurlar. Onlar şəhərimizin tarixi memarlığını, müasir infrastrukturunu, zəngin mədəniyyətini və qonaqpərvər xalqımızı görüb heyran qalırlar. Bu isə Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir, ölkəmizin turizm potensialını artırır və dünyada tanınmasına töhfə verir".

Hacı Əliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təkcə yarışların keçirilməsi ilə deyil, təşkilatçılıq səviyyəsi ilə də ölkəmiz öz gücünü və bacarığını bir daha sübut edir: “Biz bu gün elə bir mərhələdəyik ki, dünya səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edirik. Beləliklə, Formula 1 kimi beynəlxalq yarışların Azərbaycanda keçirilməsi tək bir idman hadisəsi deyil - bu, ölkəmizin inkişafını, qlobal arenada öz yerini möhkəmləndirdiyini və gələcəyə doğru inamla irəlilədiyini göstərən mühüm bir göstəricidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə