22 iyul – Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə media nümayəndələri arasında şahmat turniri keçirilib. AŞF-dən SİA-ya verilən məlumata görə, Respublika Şahmat Mərkəzində təşkil olunan jurnalistlərin şahmat yarışında 21 media nümayəndəsi təmsil olunub. Gənclər və İdman Nazirliyinin sektor müdiri Aqşin Fərəcov, Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov və idman jurnalisti Sənan Şəfizadə Milli Mətbuatın 150 illiyi münasibətiylə media əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Reqlamentə əsasən A və B qrupları üzrə keçirilən yarışda hər oyuna 5 dəqiqə vaxt verilməklə hər gedişə 5 saniyə əlavə olunub. Hər qrup üzrə ilk üç yeri tutan iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr verilib. B qrupunda Kamran Hacı və Sərxan Musalı müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürüb. İlkin Xəlilov 9 oyunda 8 xal toplayaraq B qrupunda 1-ci yeri tutub.
A qrupunda İlkin Vidadioğlu üçüncü yerdə qərarlaşıb. Liderdən yarım xal geri qalan Siyavuş Əliyev yarışı ikinci pillədə başa vurub. 10 turda 8,5 xal toplayan Əlixan Babayev A qrupunda qalib adını qazanıb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Sözügedən turnir sayca yeddinci yarış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə