İyulun 16-dan 27-dək Almaniyanın Reyn-Rur regionunda keçiriləcək 32-ci Ümumdünya Yay Universiadasında Azərbaycanın 71 idmançısı iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bu gün ilk idman nümayəndə heyəti universiada üçün Almaniyaya yollanıb.
Yarışlar paytaxt Berlinlə yanaşı, Reyn-Rur bölgəsinə daxil olan Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərində təşkil olunacaq.
Azərbaycan yarışda 12 idman növündə (atletika, badminton, kamandan oxatma, çimərlik voleybolu, bədii gimnastika, taekvondo, kanoe və avarçəkmə, üzgüçülük, stolüstü tennis, tennis, cüdo və qılıncoynatma) təmsil olunacaq.
Turnirin açılış mərasimi iyulun 16-da, bağlanışı isə ayın 27-də Duysburq şəhərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə