Patrik Andrade: Dostum Qara Qarayev mənə “Araz-Naxçıvan”a gəlməyi məsləhət bildi
Həm mənim, həm də komandam üçün yaxşı keçid olduğunu düşünürəm. SİA xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”nın yeni transferi Patrik Andrade klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Kabo-Verde millisinin üzvü təklif göndərdiklərinə və heyətdə görmək istədiklərinə görə “Araz-Naxçıvan”a təşəkkür edib: “Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.
O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini dilə gətirib: “Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.
Qeyd edək ki, Patrik Andrade ötən mövsümü “Qarabağ”ın heyətində keçirib. O, yeni komandası ilə “1+1" illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə