Azərbaycan güləş millisi rekord xalla Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində U-15 Avropa çempionatı davam edir. SİA xəbər verir ki, sərbəst güləş üzrə yarışda həlledici görüşlər keçirilib və mübarizəyə yekun vurulub.

38 kiloqram

Cavanşir Süleymanov finalda rusiyalı Abdulla Almazova (0:10) məğlub olub və gümüş medalla kifayətlənib.

41 kiloqram

Hüseyn Rzazadə finalda rusiyalı Nikita Kondraşovla gərgin keçən qarşılaşmada minimal fərqlə (7:6) qalib gələrək Avropa çempionu olub.

44 kiloqram

Ötən il 41 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan İbrahim Həsənov eyni uğuru yuxarı çəkidə təkrarlamağa yaxın olub. Ancaq Gəncə güləş məktəbinin yetirməsi bu dəfə həlledici görüşdə rusiyalı Kirill Kondraşovla bacarmayıb (0:8) və gümüş medalla kifayətlənib.

48 kiloqram

Əkbər Əsgərov finalda rusiyalı Amir Daurova 4:5 hesabıyla məğlub olub və məsul yarışda ikinci yeri tutub. Bu çəkidəki digər təmsilçimiz Tunar Sultanzadə isə bürünc medal görüşündə gürcüstanlı Demetre Mortuladzeyə eyni hesabla uduzub.

57 kiloqram

Muraz Hüseynov bürünc medal görüşündə rusiyalı Abdul İsayevə (0:10), Elcan Həsənov isə digər bürünc medal görüşündə ukraynalı Viktor Karaya (4:7) məğlub olub.

62 kiloqram

Məhəmməd Həsənli finalda rumıniyalı İstvan Naqiyə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və gümüş medalçılar sırasına qoşulub.

68 kiloqram

Xəyal Şükürlü ermənistanlı Şahen Martirosyana 7:4 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

85 kiloqram

Elgün Kərimli finalda gürcüstanlı Mate Oniani üzərində əzmkar qələbə qazanıb – 11:9. Bununla da güləşçimiz komandanın hesabına 2-ci qızıl medalı yazdırıb.

Beləliklə, AÇ-də 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan millimiz 161 xalla komanda hesabında ikinci dəfə Avropa çempionu olub. Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk “3-lüy”ü Ukrayna (91) qapayıb.

Qeyd edək ki, 161 xal sərbəst güləşimizin bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. İki il əvvəl komandamız 145 xalla 2-ci yeri tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə