Azərbaycanda həndbol üzrə mövsümə yekun vurulub...

...qaliblər mükafatlandırılıb

Azərbaycanda həndbol üzrə mövsümə yekun vurulub.

SİA xəbər verir ki, “AHF Arena”da təşkil olunan bağlanış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov mövsümün gərgin və maraqlı mübarizə ilə yadda qaldığını vurğulayıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən O.Abbasov növbəti mövsümün də uğurlu keçəcəyinə ümid bəslədiyini bildirib.

Dövlət Himni səsləndirildikdən sonra mükafatlandırılma mərasimi keçirilib.

Əvvəlcə ölkə kubokunun sahibləri - kişilərdən ibarət “Kür” və qadınlardan ibarət “Azəryol” komandalarına kuboklar və AHF-nin mükafatları təqdim olunub. Finala yüksələn kollektivlərin üzvlərinə, həmçinin AHF-nin medalları və Gənclər və İdman Nazirliyinin (AGİN) diplomları verilib.

Ardınca ölkə çempionatının nəticələrinə əsasən fərqlənən komandalar mükafatlandırılıb.

Qadınlar arasında Azərbaycan çempionu “Azəryol”un üzvlərinə qızıl, “Qarabağ”a gümüş, “Kür”ə bürünc medallar təqdim olunub.

Kişilərdən ibarət “Kür” komandası isə qızıl medallarına qovuşub. “Bakı” komandası ikinci yerin sahibi kimi gümüş, mövsümü üçüncü yerdə bitirən “Azəryol” isə bürünc medallara sahib çıxıb. Fərqlənən kollektivlərin həndbolçularına AGİN-in diplomları, qalib komandaların üzvlərinə isə həmçinin federasiyanın qiymətli hədiyyələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə