Fəxri kürsünün ilk pilləsinə qalxdığım üçün özümlə fəxr edirəm". Bu sözləri SİA-a açıqlamasında "Prezident Kuboku-2025" beynəlxalq reqatasında birnəfərlik kayak qayığında 200 metr məsafədə birinci yerə çıxaraq, qızıl medal qazanan Cənubi Afrika Respublikası (CAR) təmsilçisi Kayle Armdorf deyib.
İdmançı qələbəyə gedən yolda olduqca əziyyət çəkdiyini bildirib: "Məşqlər zamanı dəfələrlə səhhətimdə problemlər yarandı. Amma mübarizəni dayandırmadım. Yenidən ayağa qalxdım və sağalmağı bacardım. Ölkəm və ailəmi layiqincə təmsil etdiyimə görə özümlə qürur duyuram".
Reqatada ilk dəfə təmsil olunan CAR komandasının üzvü çıxışından razı qaldığını söyləyib: "Ölkəmin ilk dəfə təmsil olunduğu yarışı qızıl medalla başa vurmaq mənim üçün çox şey ifadə edir. Çünki belə hallarla tez-tez rastlaşmırıq. Buradan avarçəkmə ilə məşğul olan bütün həmyerlilərimə demək istəyirəm ki, məşqlərini dayandırmasınlar, hər zaman qələbəyə inansınlar".
O, turnirin təşkilatçılığını yüksək qiymətləndirib: "Burada hər şey çox gözəldir. Kaş ki, bu ölkədə daha çox qalmaq imkanım olsaydı. Ümid edirəm ki, növbəti yarışlarda yenə Azərbaycana təşrif buyuracağıq".
K.Armdorf qarşıdakı hədəfinin Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürən yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə