Bundesliqanın 31-ci turunda Münxenin “Bavariya” klubu “Maynts”ı qəbul edib. SİA xəbər verir ki, qarşılaşmada münxenlilər 3:0 hesabı ilə vacib qələbə qazanıblar. Belə ki, “Bavariya” növbəti turda da qalib gələcəyi təqdirdə çempionluğu elan edəcək.
Münxenlilərin ən yaxın izləyicisi “Bayer Leverkuzen” isə doğma meydanda “Auqsburq”un qapısından iki cavabsız top keçirib.
“Borussiya Dortmund” da bu turda qələbə qazanıb. Dortmundlular səfərdə “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıblar. Son beş oyunda əla təsir bağışlayan komanda dörd qarşılaşmada qələbə qazanıb və yalnız birində heç-heçə edib.
Çempionatda üçüncü pillədə yer alan “Ayntraxt Franfurt” qəbul etdiyi “Leyptsiq”i böyük hesabla məğlub edib - 4:0.
Digər iki görüşdə “Volfsburq” öz meydanında “Frayburq”a minimal hesabla məğlub olub. “Holştayn Kiel” isə “Borussiya Münxenqladbax” üzərində çətin qələbə qazanıb – 4:3.
Tura aprelin 27-də keçiriləcək “Boxum” – “Union Berlin” və “Verder Bremen” – “St Pauli” oyunları ilə yekun vurulacaq.
Bundesliqanın 31-ci turunun açılış matçında “Ştutqart” ev oyununda “Haydenham”a 0:1 hesabı ilə məğlub olub.
Otuz bir turdan sonra çempionata 75 xalla “Bavariya” liderlik edir. Ondan 8 xal az toplayan “Bayer Leverkuzen” ikinci pillədə qərarlaşıb. “Aytraxt Frankfurt” 55 xalla üçüncü, “Frayburq” 51 xalla dörüncü sıralardadır. Bu turda uduzan “Leptsiq” 49 xalla beşinci pilləyə geriləyib. Ondan bir xal geri qalan “Borussiya Dortmund” altıncı sıraya yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə